RU

Azərbaycanın taleyini dəyişən zəfər tarixi

 
1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpası müstəqillik hisslərinin heç zaman xalqımızı tərk etmədiyini, əksinə, azadlıq, müstəqillik uğrunda fədakarcasına mübarizə apardığını nümayiş etdirmişdir. Həmin dövrdə müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etmişdir.
 
Əfsuslar olsun ki, ilk illərdə xalqımızın məruz qaldığı hərbi təcavüz, ölkə daxilində anarxiyanın, hərc-mərcliyin hökm sürməsi yenicə əldə olunmuş müstəqilliyimizin itirilməsi təhlükəsini yaratmışdır.
 
Məhz belə bir ağır vəziyyətdə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyası ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtaraq müstəqilliyimizi dönməz və əbədi etmişdir.
 
 
Xalqın çağırışı ilə Bakıya dönən böyük rəhbər Heydər Əliyev 15 iyun 1993-cü ildə hamılıqla Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi iclasda etdiyi çıxışında ümummilli lider Heydər Əliyev dövlətimizin inkişaf strategiyasını müəyyənləşdirdi, bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi. Bu tarixi hadisə xalqımızın inamını özünə qaytardı. Qədirbilən və müdrik xalqımız hələ rəsmən elan edilməmiş, haqlı olaraq, həmin tarixi məhz “Qurtuluş günü” adlandırmağa başladı. 1997-ci ildə Milli Məclis xalqın bu arzusunu, ülvi niyyətini gerçəkləşdirdi. 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi təqvimə daxil edildi. Ötən dövr ərzində tarix dəfələrlə sübut etdi ki, xalqın arzusu ilə Milli Məclisin qəbul etdiyi bu qərar müdrik və uzaqgörən bir addım olmuşdur.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra davamlı inkişaf strategiyasını praktikada daha əsaslı surətdə tətbiq etdirərək həqiqi mənada ölkədə milli yüksəlişinə nail oldu. 90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real və ciddi təhlükə yalnız Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan sonra elan etdiyi və qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan rəhbərliyinin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu müqavilənin imzalanması respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının təməlinə çevrildi.
 
Müstəqilliyimizin Heydər Əliyev dövrü ölkəmizdə qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar olması, neft strategiyasının təməlinin qoyularaq uğurla həyata keçirilməsi, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, ilk milli Konstitusiyamızın, hüquq sisteminin fəaliyyətini tənzimləyən çoxsaylı mütərəqqi qanun və məcəllələrin qəbul edilməsi, dövlət strukturların fəaliyyətinin yenidən formalaşdırılması və inkişafı ilə səciyyələnir.
 
2003-cü ildə Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin xalqımızın böyük etimadı ilə ölkə Prezidenti seçilərək müstəqilliyimizin yeni müasir inkişaf dövrü başlamış, ötən 20 ildə Azərbaycan dövləti möhtəşəm nailiyyətlərə və tarixi qələbələrə imza atmışdır.
 
Bu dövrdə ölkəmizin bütün sahələrini əhatə edən uğurlar, dünyada layiqli yer tutması və yüksək nüfuza malik etibarlı tərəfdaş kimi tanınması dövlətimizin başçısının müdrik, müstəqil və uzaqgörən siyasətinin əyani təzahürü olmaqla hər bir azərbaycanlıda yüksək iftixar və qürur hissləri yaşadır.
 
Xalqımızın müstəqillik illərində qazandığı ən böyük tarixi nailiyyət Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad edilərək tarixi ədalətin bərpa olunmasıdır. Ötən ilin aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması, sentyabr ayında isə 24 saatdan az müddətə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Ermənistanın torpaqlarımızda qanunsuz fəaliyyətinə, separatizmə birdəfəlik son qoymuş, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir.
Bu gün müasir müstəqil Azərbaycan dövləti Ümummilli liderin arzuladığı, xəyal etdiyi qüdrətli və qalib dövlət kimi uğurla inkişaf edir və Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müzəffər xalq kimi respublikamızın hər yerində, o cümlədən Qarabağda, Şuşada, Xankəndində qeyd edir. Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda vüqarla dalğalanır.
Fəxrlə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə özünün parlaq dövrünü yaşayan Azərbaycanın bütün sahələrdə hərtərəfli davamlı tərəqqisi təmin olunur, müstəqilliyimiz daha da möhkəmlənir. 
 
 
Hüquq sistemimiz, o cümlədən dövlətimizin hüquq siyasətini həyata keçirən ədliyyə orqanları müstəqilliyimizlə bərabər inkişaf edir və müasirləşir. Ədliyyə Nazirliyinin ənənəvi fəaliyyət istiqamətlərindən olan məhkəmə ekspertizası fəaliyyəti də müasir tələblərə uyğun təkmilləşdirilir.
Cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edən məhkəmə ekspertizası tarixi inkişaf yolu keçmiş, 1938-ci ildə Xalq Ədliyyə Komissarlığının nəzdində Kriminalistika Kabineti kimi yaradılan bu institut sonralar xüsusi laboratoriya, elmi-tədqiqat kriminalistika laboratoriyası, onun əsasında Azərbaycan SSR Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu kimi fəaliyyət göstərmiş, müstəqillik illərində onun fəaliyyətində keyfiyyətcə yen mərhələ başlanmışdır.
 
Ötən dövrdə məhkəmə ekspertizası sahəsində mühüm qanunvericilik və institusional tədbirlər görülmüş, istintaq orqanlarına və məhkəmələrə əlverişli şəraitin yaradılması və ekspert araşdırmalarının tezləşdirilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinin regional bölmələri təsis edilərək fəaliyyətə başlamış, ekspertiza növləri genişləndirilmiş, müasir kriminalistik avadanlıqla təchiz olunmaqla yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmiş, Azərbaycanın Məhkəmə Ekspertizası Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin üzvü olmuş, digər mühüm nailiyyətlər əldə edilmişdir.
 
Bütün bunlar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq və ədliyyə islahatlarının tərkib hissəsi olmaqla ölkəmizin müstəqillik illərində keçdiyi şanlı və müasir inkişaf yolunun mühüm nailiyyətlərindəndir.
 
Bu ilin fevralında müstəqillik tariximizdə ilk dəfə ölkə ərazisinin hər yerində, o cümlədən azad edilmiş torpaqlarımızda keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti yeni inkişaf dövrünə qədəm qoyaraq müstəqillik yolu ilə uğurla gedir. Cənab Prezidentin əminliklə vurğuladığı kimi, “bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.
 
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
 
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” - Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə demişdi.
 
Bu gün  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
 
Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin
Gəncə regional bölməsinin rəisi Aynur Məmmədəliyeva
Избранный
203
moderator.az

9Источники