RU

Skandinaviya səyahətinə son – TƏHLİL

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının legioner həyatı başa çatıb.

İdman biz xəbər verir ki, 22 yaşlı hücumçu “Qarabağ”dan transfer olunduğu “Yurqorden”dən geri qayıdıb.

343 gün
Karyerasında ilk dəfə legioner həyatı yaşayan forvard İsveçdə bir ildən də az müddət duruş gətirib. Musa ötən il iyulun 7-də transfer olunduğu klubdan iyunun 14-də qayıdıb. O, Skandinaviya təmsilçisində 343 gün keçirib.

Avrokubok həyəcanı
Qurbanlı yeni transfer olunduğu vaxt avrokubok həyəcanı da yaşayıb. O, Konfrans Liqasının “Lütsern”lə hər iki görüşündə şans qazanıb. Musa təsnifat mərhələsindəki matçların birinə start heyətində də çıxmağa vaxt tapıb. Onun 115 dəqiqə meydanda olduğu görüşlər komandasının mübarizəni dayandırması ilə yekunlaşıb.

Uğurlu avqust və qol həsrəti
Musanın “Yurqorden” karyerasındakı ən uğurlu dövr ötən ilin avqustu olub. Avrokubokda da şans qazanan hücumçu həmin ay çempionatda “Deqerfors”a iki, kubokda “Sandviken”ə bir qol vurub. Bu üç top onun İsveç karyerasındakı bütün uğurlarıdır. Avqustun 23-də qol hesabını açdıqdan dörd gün sonra dubl edən Qurbanlı 10 aya yaxındır klubda qol vurmur.

Kubokda 3 oyun
“Sandviken”lə avqustdakı kubok qarşılaşmasına start heyətində çıxan və qol da vuran futbolçu bu turnirə 3 matç keçirib. Amma Musa kubokda bir daha start heyətə düşməyib. 2024-cü ildə iki dəfə sonradan meydana çıxan hücumçu ümumilikdə 3 kubok oyununda 96 dəqiqə şans qazanıb.

Uğurlu mövsüm
İsveç çempionatının 2023-cü il mövsümünü Musa üçün uğurlu saymaq olar. Düzdür, forvard cəmi 2 qol vurub. Amma 14 görüşdə şans qazanıb. Üstəlik, 10 dəfə start heyətə yer alıb. O, meydanda 801 dəqiqə keçirib.

Yeni il olmayaydı
Qurbanlının İsveç karyerası 2024-cü ildə uğursuzluqla müşayiət olunub. Yeni ildən sonra qürub yaşayan futbolçu bu il vur-tut 4 matça çıxıb. O, çempionatda 2 oyunda 30, kubokda 2 görüşdə 36 dəqiqə oynayıb. Təxminən yarım ildə 66 dəqiqə şans qazanan forvard bu qısa müddətdə fərqlənə də bilməyib. O, kubokda fevralda, çempionatda apreldə oynayıb. Aprelin 28-də QAİS-ə qarşı 10 dəqiqə onun üçün klubdakı son sınaq olub.

21 oyun
Ümumilikdə isə Qurbanlı 343 günlük İsveç karyerasında 16 çempionat, 3 kubok, 2 avrokubok görüşünə çıxıb. O, cəmi 1042 dəqiqə şans qazanıb. Bu müddətdə 3 qol vuran futbolçumuz 12 dəfə start heyətində yer alıb.

Qeyd edək ki, bir ildən sonra “Qarabağ”a qayıdan hücumçu 3 illik müqavilə imzalayıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
idman.biz

1Источники