RU

Qohum evliliyinə son? - MÜSAHİBƏ

Yazını böyüt
Yazını kiçilt

Qohum nikahlarını qadağan etmək ailə institutuna, insanların ailə səadətinə maneə yaratmır

Azərbaycanda qohum evliliklərin qadağan olunması gözlənilir. Qohum nikahlardan sağlamlığı məhdud uşaqların doğulması, bunun ailə və cəmiyyətdə doğurduğu problemlər ətrafında aparılan müzakirələr uzun illər formalaşan adət-ənənələrin fonunda birmənalı qarşılanmır. Belə qeydlər var ki, sağlam ailə və cəmiyyətin qurulmasında qohum nikahların təsiri varsa, bundan xilas yolu birbaşa ondan imtina hesab olunur. Bütövlükdə, əksər ailələr bu iddianı rədd edir, ta ki fiziki qüsurlu uşaqları dünyaya gələnə qədər... Bu da faktdır ki, fiziki, əqli qüsurlu uşaqların dünyaya gəlməsi birbaşa qohumluq əlaqələri ilə bağlı deyil. Qohumluq bağları olmayan bir çox ailələrdə də fiziki, əqli qüsurlu, yaxud autizm, daun sindromlu uşaqların doğulduğunu müşahidə etməkdəyik. Əslində, problemin daha qlobal və geniş miqyasda araşdırılmasına ehtiyac var. Cəmiyyətin özünü xilas edə bilməsi üçün ilkin olaraq  qohum nikahların aradan qaldırılması məsələsi çıxış xətti kimi önə çəkilir. Bu gün insanların, sadə ailələrin bu qlobal problemə qarşı özünün məsuliyyəti, ata biləcəyi addımlar üzərində dayanılır. Qurulan sağlam ailələr üzərindən inkişaf edən dövlət və cəmiyyətin fiziki, əqli qüsursuz  nəsli yetişdirmək üçün qohum nikahları hədəf götürüb, qanunla onun ləğv edilməsi müzakirəyə açıq olsa da, nə dərəcədə mümkün ola biləcəyi sualı yaranır. Bu istiqamətdə “Həftə içi”nə danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri,  Ailə, gender, qayğı məsələləri üzrə tədqiqatçı Humay Axundzadə bəzi məsələlərə diqqət çəkib.

– Qohum evliliklər qanunla qadağan edilə bilərmi?

– Hesab edirəm, qohum evliliklər qanunla qadağan edilə bilər yox, edilməlidir. Aparılan bir sıra tədqiqatlar onu göstərir ki, qohum nikahlar son illər artım tendensiyası nümayiş etdirir. Bu isə o deməkdir ki, qohum evlilikləri qadağan edilməsə, vəziyyət daha da acınacaqlı olacaq.  Problem ondadır ki, qohumlar şəbəkəsində qohum evliliyi normal hesab olunursa, orada qohumların evləndirilməsi nəsildə getdikcə davam edir, çoxalır.  Bu da irsi xəstəliklərin, qüsurlu uşaqların dünyayagəlmə riskini qat-qat artırır.

Tədqiqatlar göstərir ki, Azərbaycanda müxtəlif yaş qruplarına aid olan insanların mühafizəkarlığa, ifrat ənənəçiliyə meyli fərqli şəkildədir.  Hazırda övladları nikah yaşına çatmış 45-50 yaşında olan valideynlər qrupunda bu, daha çoxdur.  Mühafizəkar yaş qrupunun öz övladlarını qohum evliliyinə sövqetmə halları daha çox olduğu üçün bu, qanunla qadağan edilməsə, daha ağır fəsadlar yarada bilər.

Tək bizdə deyil, ümumiyyətlə, qohum evliliklərin olduğu bir çox cəmiyyətlərdə ayrı-ayrı hallar təhlil olunarsa görərik ki, qohum evliliyi, bəzən, gənclərin romantikləşdirilən sevgisində deyil, sırf ailədə yaşlı nəslin təzyiqi nəticəsində baş verir. Bu isə həm də insan haqlarının pozulması halı hesab oluna bilər. Ona görə də həm insan hüquqlarının qorunması, həm də tibbi baxımdan belə neqativ halların qarşısının alınması, ən azından, azaldılması üçün  qanunvericilik səviyyəsində müəyyən tədbirlər həyata keçirilməlidir.

– Bu qadağa cəmiyyət üçün hansı dərəcədə faydalı ola bilər?

– Bir məsələni vurğulamaq istəyirəm: qohum evliliklərin qanunla qadağan edilməsi bir neçə aspektdən cəmiyyət üçün fundamental əhəmiyyətə malikdir. Birincisi, bu, milli genofondun sağlamlığının təmin olunmasıdır; yəni daha zəif, sağlamlığı yerində olmayan uşaqların dünyaya gəlməməsi üçün bu qanun çox vacib, yerində ola bilər. İkincisi, cəmiyyətimizdə gender bərabərliyinin təmin olunması ilə bağlıdır. Qohum evliliklər bir çox hallarda erkən olur,  bəzən məcburi evlilik olur ki, bu da əksər hallarda bizim qızlarımızı təhsil almaq, işləmək, sosiallaşmaq, səlahiyyətlənmək imkanlarından məhrum edir. Üçüncüsü,  qohum evliliklər çox vaxt yaşlı nəslin təkidi ilə baş verdiyindən, bu həm də insan hüquqlarının pozulması aspektindən nəzərdən keçirilə bilər. Gənclərin hüquqlarının təmin edilməsi baxımından da vacibdir. Bu istiqamətdə, təbii ki, daha geniş mülahizələr irəli sürmək olar.

– Azərbaycan cəmiyyətində qohum evliliklərinin əsasında milli adətlər, mental dəyərlərin olduğu deyilir. Belə olan halda məsələnin qanunla icrası nə dərəcədə mümkündür?

- Bəzən insanlar müxtəlif davranışlarına bəraət qazandırmaq üçün ənənə diskursundan istifadə edirlər. Ənənə daha dominant, geniş bir davranışdır.  Qohum nikahların olması ənənəyə bağlı olsaydı, o zaman çoxluq qohum evliliyinə gedərdi. Əslində bu, ayrı-ayrı sosial qrupların, təbəqələrin, sosio-mədəni çevrələrin “ənənə” adlandırdığı bir təcrübədir.  Hesab edirəm, qohum nikahların ənənədən gəldiyini belə sual altına qoymaq lazımdır. Digər tərəfdən, elmi araşdırmalar, tibbin göstərdiyi faktlar bunların görməzdən gəlinməsini mümkünsüz edir.  Biz nə qədər qohum nikahlarını ənənədən gəlmə hesab etsək də, bu, bizim yeni doğulan nəslin həyatına, sağlamlığına vurulan zərbədir. Əgər belədirsə, ondan imtina edilməlidir. Ümumiyyətlə, xəstə, qüsurlu nəsil yetişdirən bir ailənin qurulması nə dərəcədə doğrudur?

Digər tərəfdən, insanların davranışını tənzimləyən elə bir qanun yoxdur ki, onun icrasında müəyyən çətinliklər olmasın. Bu prosesdə də müəyyən çətinliklərin olacağı labüddür.  Ola bilər ki, insanların bir qismi bununla bağlı dolayı yollar, taktikalar axtarsınlar.  Yenə də qadağanedici qanun insanların nəinki davranışına, davranışı vasitəsilə həm də düşüncəsinə də təsir edəcək.  Ona görə də deyərdim ki, bu məsələdə prinsipial və nikbin mövqe tutmaq lazımdır.

– Qohum evliliklərin qadağan edilməsi ailə-məişət, sosial sferada ailələr üçün hansı təhlükəli məqamları ortaya çıxara bilər?

– Qeyd etmək istərdim ki, hətta məktəb proqramlarında qohum evliliklərin təhlükəsi barədə danışılır. Əgər 40 nəfərin birində hansısa xəstəlik varsa, qohum evlilikdə gendə olan əlamət, qüsur dominanta keçir və övladların şikəst doğulması artır. Bu, təkcə xəstəliklə bağlı deyil, biz orta ömür uzunluğuna da baxsaq görərik ki, bəzən qohum evliliyində olan şəxslər özləri uzunömürlü olur, amma onların övladları uzun ömür yaşaya bilmirlər. Bir növ, genetik olaraq cırlaşma gedir. Onların uşaqları şikəst olmasalar da, ata-anaları qədər uzunömürlü olma ehtimalı azalır.

Digər tərəfdən düşünürəm, qohum nikahlar qanunla ləğv ediləndən sonra onlar arasında bu yöndə hər hansı mübahisənin, gərginliyin yaranmasının da qarşısı avtomatik alınacaq. Bu halda nikahın qurulması ailədə ata-ananın iradəsinə bağlı olmur. Əsas amil qanunla bağlı olduğu üçün qohumlar arasında gənclərin evləndirilməsi, yaxud boşanması, digər problemlərlə bağlı ailə münasibətlərinin pozulmasına yönəlik şərait yaranmır.  Eləcə də sevgi münasibətində olan gənclərin bu qadağadan dolayı depressiya, yaxud intiharlara sövq edilməsi amilləri də aradan qalxır. Qohum nikahlarla bağlı qadağa millətin genofondu, sağlamlıq göstəriciləri baxımından həm insanların məcburi evlilikdən mümkün qədər uzaq olmasına gətirib çıxara bilir. Mediada da yayılan xəbərlərdən də görürük ki, intihar edən gənclərin bir hissəsi məcburi evliliklər zəminində bu yola əl atıb. Məcburi evliliklərin də kifayət hissəsi qohum evliliklərdir.

– Qohum nikahların zərərliliyi ilə bağlı verilən tövsiyələr, çıxışlar sevgi münasibətində olan gənclər tərəfindən qəbul edilmirsə, bu qadağa hansı sosial gərginliyə gətirə bilər? Yaxud hansı addımlarla qohumları ailə qurmaq düşüncəsindən yayındırmaq olar?

– Ailədə tərbiyədən çox şey asılıdır. Azərbaycanda on minlərlə gənc var ki, onlar ailədə elə tərbiyə görüblər ki, öz əmi, dayı, bibi, xala uşaqlarını  bacı, qardaş kimi tanıyırlar. Yəni onlar üçün öz qohumları ilə hansısa sevgi münasibətlərinin olması ağlasığmaz haldır. Hesab edirəm, burada ailənin verdiyi tərbiyə, eyni zamanda, məktəbin özündə olan müəyyən təbliğat işi  çox önəmlidir. Uşaqlar, gənclər ailədə düzgün istiqamətləndirilsə, onlar öz qohum-əqrəbasını potensial həyat yoldaşı kimi nəzərdən keçirməzlər.  O zaman orada sevgi münasibətlərinin yaranma ehtimalı da azalar.

Bir daha qeyd edim ki, qohum evliliyində yaşlı nəslin yönləndirilməsi çox önəmlidir.  Analar, atalar, babalar, nənələr öncədən gənclərə ipucu verəndə, hansısa qohum qızını, oğlunu, bir növ, evliliyə namizəd kimi göstərəndə onda  gəncin ürəyinə hansısa fikirlər gəlir, bu istiqamətdə nələrsə düşünürlər.

– Qohum evlilik və qohum olmayan gənclərin evlilikləri olan ailələr arasında aparılan araşdırmalara görə, xəstə uşaqları, sonsuzluğu olanlar daha çox hansı kateqoriyaya aid ailələrdə olanlardır?

– Fərq kifayət qədər böyükdür. Qohum evliliklərində xəstə uşaqların dünyaya gəlməsi daha çoxdur. Əlillik təkcə qohum evliliyindən meydana çıxmır.  Bununla belə, biz qohum nikahların xəstə uşaqlar dünyaya gəlməsi amilini yaddan çıxara bilmərik. Və təbii ki, onunla mübarizə müəyyən nəticələr verəcək.

– Azərbaycan kiçik bir ölkədir və əhalisi də çox deyil. Ölkə daxilində ailələrin qohumluq bağları genişdir. Bu amil qohum olmayan gənclərin bir-biri ilə qarşılaşmasını çətinləşdirməklə yanaşı, yeni ailələrin qurulmasını azalda bilərmi?

– Mən ölkəmizin kiçikolma fikri ilə razılaşmıram. Yəni əhalisi 1-2 milyon, 500 min nəfər olan ölkələr var.  Bizim 10 milyonluq əhalimiz mövcuddur. Düşünmürəm, sırf qohum evliliyin ləğvi yeni qurulacaq ailələrin sürətinin azalmasına səbəb ola bilər. Digər tərəfdən, “qadağan olunan qohum nikahlar” – deyərkən burada sırf nənə-babası eyni olan qohumlardan söhbət gedir. Biz qohum nikahları qadağan etməklə ailə institutuna, insanların ailə səadətinə maneə yaratmırıq.

Yəni, əhalinin demoqrafik srtukturunda elə bir narahatlıq doğurucu göstəricilər olmadığına görə, qohum nikahlarının ləğvi ilə heç ailə institutlarına da zərbə vurmuruq. Qətiyyən belə deyil. Hazırda evlilik yaşına çatmış və ya çatmaqda olan kifayət qədər gənc var. Əksinə, qohum nikahları qadağan olunanda valideynlər gənclərin daha geniş sosial çevrədə şaxələnməsinə maneə yarada bilməyəcəklər.  Gəlin unutmayaq ki, qohum evlilikləri çox zaman erkən evlilik və yaxud daha gənc evliliklə müşahidə olunur. Qohum evliliyi erkən nikaha cəlb olunan qızların təhsildən uzaqlaşmasına, bir çox hallarda ölümlə nəticələnən doğuşlarla müşahidə olunur. Deməli, qohum nikahların qadağan olunması, eyni zamanda, erkən nikah, uşaq ölümləri və boşanmaların da sayını azalda bilər, gənc qızların peşə fəaliyyəti istiqamətində rolunun artmasına imkan yaradar. İstənilən halda qohum nikahların ləğvini təkcə milli genofondun sağlamlaşdırılması deyil, həm də gender bərabərliyinin təmin olunması baxımından mühüm addım hesab edirəm.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
138
hafta.az

1Источники