RU

Vəkil: "Əməliyyat-axtarış fəaliyyətinin bir orqan tərəfindən həyata keçirilməsinə zərurət var"

"Qanunvericiliyə görə əməliyyat-axtarış fəaliyyətini cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. Bu orqanların siyahısına - Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aid edilir. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların siyahısı genişdir, lakin bu genişliyin ixtisaslaşma və nəzarət funksiyası baxımından bir orqanda cəmlənməsinə zərurət mövcuddur".

Bu sözləri e-huquq.az açıqlamasında Vəkillərin İntizam Komissiyasının üzvü vəkil Paşa Səfərov deyib.

O bildirib ki, bu zərurət insan hüquq və azadlıqlarına hörmət prinsipini özündə daşımaqla dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təminatına xidmət xarakteri daşıyır: "Belə ki, əməliyyat-axtarış fəaliyyətinin bir orqan tərəfindən həyata keçirilməsi ilk olaraq həmin sahədə ixtisaslaşmış kadrların mövcudluğuna, onların vaxtında və çevik fəaliyyət göstərməsinə şərait yaradacaqdır. Bu hal, xüsusilə ixtisaslaşmış əməliyyat-axtarış fəaliyyəti subyektinin olması əməliyyat-axtarış fəaliyyətində insan hüquq və azadlıqlarının təminatı üçün olduqca mühüm amildir.

Bundan başqa, əməliyyat-axtarış fəaliyyətinin elektronlaşdırılması; məlumatın, əməliyyat tapşırığının elekton formada qəbulu və nəticələrin elektron formada təqdim edilməsi bu sahədə nəzarət mexanizmi, əməliyyat-axtarış tədbiri ilə bağlı qərarların icrası və onların icrasına nəzarət üçün olduqca mühümdür.

Həmçinin, əməliyyat-axtarış fəaliyyətinə, prokuror və məhkəmə nəzarəti funksiyasının yetərincə həyata keçirilməsi, hüquq və azadlıqları pozulmuş şəxs tərəfindən əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkətindən edilmiş şikayətlərə vaxtında və ətraflı araşdırmanın aparılması üçün nəzarət funksiyasını həyata keçiriən orqanların bu sahədə ixtisaslaşmış orqanla fəaliyyət göstərmələri daha uğurlu alınar.

Nəzərə almaq lazımdır ki, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövcud qərarlarında (məsələn, “Roman Zaxarov Rusiyaya qarşı” iş və s.) məhz əməliyyat-axtarış fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən məhkəmə nəzarətinin mövcudluğunun zəruri olması, bu sahədə məhkəməyə geniş səlahiyyət verilməsi, o cümlədən əməliyyat-axtarış fəaliyyəti tətbiq olunan şəxsin məlumatlandırılması məsələsi və ona çatımlılıq, hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılması üçün konkret halların (cinayət işlərinin dairəsinin müəyyən olunması və s.) və digər məsələlər öz əksini tapmışdır. Bu məsələlər üzrə mövcud boşluqların aradan qaldırılması, yaxud bu məsələlər üzrə baş verə biləcək pozuntuların vaxtında qarşısının alınması məqsədilə uzun müddətdir apardığım tədqiqat araşdırmasının nəticəsi kimi hesab edirəm ki, əməliyyat-axtarış fəaliyyətinin bir orqan (bu Baş Prokurorluq da ola bilər, yaxud yeni yaradılan bir orqan da) tərəfindən həyata keçirilməsi faydalı ola bilər".

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
e-huquq.az

1Источники