RU

“Etiraf etmək lazımdı ki, biz onlardan zəifik” - Elxan Abdullayev 2-ci yeri yaxşı nəticə sayır

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət yığma Moldovada keçirilən beynəlxalq turnirdə 2-ci yeri tutub.

Yeniyetmələr Moldova, Türkiyə və Qazaxıstanla mübarizə apardığı turnirdə 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qaldı. Yekunlarla bağlı yığmanın baş məşqçisi Elxan Abdullayevin fikirlərini öyrənməyi lazım bildik:

“Bəli, Moldovada keçirilən turniri 2-ci pilldə tamamladıq. Nəticədən razıyam. Türkiyə millisi 1-ci yeri tutdu. Bu aydın məsələdi. Belə də olmalıydı. Çünki türklər bizdən 1 yaş böyük idilər. Həmçinin elit raundu keçən bir komandadı. Bu üzdən də 9 xalla turnirin qalibi oldular. Ümumi turnirin qiymətləndirdikdə, bu, yaxşı nəticədi. Ancaq həmişə demişəm ki, məşqçi komandasından razı qalmamalıdı. Yəni bizdə çatışmazlıqlar çoxdu, gələcəkdə bunların üzərində işləmək lazımdı. Fəqət bəzi önəmli amillər də var. Məsələn, bilindiyi kimi, biz ilyarım idi yoldaşlıq görüşləri keçirmirdik. Ötən il bircə oyunumuz belə yox idi. Bu il isə ilk yoldaşlıq qarşılaşmalarımız idi. Həm də çempionat bitdiyinə görə futbolçularımda yorğunluq var idi. Buna baxmayaraq, uşaqlar oyunlarda xarakter, əzmkarlıq nümayiş etdirdi. Elə bunun nəticəsində Moldova ilə görüşün sonuncu dəqiqələrində bərabərlik qolunu da vurduq. Həmçinin Qazaxıstan millisinin atletik futbol göstərməsinə baxmayaraq, onlarla da sonacan vuruşduq. Ümumi götürdükdə nəticə pis deyil. Amma dediyim kimi, performansı daha da yaxşılaşdırmaq lazımdı. İndi klublar oyunçuları tətilə göndərib. İnşallah, avqustda onlarla yenidən görüşəcəyik. Həmçinin futbolçulara fərdi tapşırıqlar da vermişik. Onlar da öz növbələrində yayda hazırlaşıb, daha da yaxşı olmalıdılar”.

Təcrübəli çalışdırıcı Türkiyəyə 0:5 hesablı məğlubiyyətin səbəbini belə izah etdi:

“Bayaq qeyd etdiyim kimi, rəqib bizdən 1 yaş böyük idi. Bundan başqa, öz yaşlarında qrup mərhələsini 1-ci pillədə bitiriblər. İndi isə Avropa çempionatına hazırlaşır. Onların qrupunda İspaniya, Fransa, Danimarka kimi rəqiblər var. Yenə deyirəm, onlar 2005-ci il təvəllüdlü futbolçulardı, bizdə isə 2006-07 təvəllüdlülər. Belə yarışlarda 1 yaş önəmli rol oynayır. Türkiyəli futbolçuların oynadığı klublar da göz önündədi. Onların arasında xaricdə forma geyən oyunçular var. Ümumiyyətlə, Türkiyə mütləq favorit sayılırdı. İlk yarı planımıza uyğun gedirdi və hər şey yaxşı idi. Ancaq 2-ci hissədə onlar rotasiya etdilər, futbolçuları dəyişdilər və nəticədə bizimkilər yoruldular. Bundan sonra isə fərdi səhvlərə yol verdilər. Elə bu səbəbdəndi ki, iki avtoqol oldu. Bir də sona yaxın qapımıza penalti təyin edildi. Belədə hesab oyuna görə olmadı, ancaq nəticədə məğlub olduq. Daha da minimal hesabla uduza bilərdik. Doğrudu, böyük hesabla məğlub olduğumuza görə üzülürəm. Lakin etiraf etmək lazımdı ki, biz onlardan zəifik. Hazırda əlimizdə olan budu. Yenə də nəsə etməyə çalışırıq”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
football-plus.az

1Источники