RU

İlahiyyatçı: İmkanlı müsəlmanlar möhtac adamlara qurban paylamalıdır

Qarşıdan müqəddəs Qurban bayramı gəlir (QMİ-nin fətvasına əsasən, bu il iyunun 16-na təsadüf edir). Bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq. Əksəriyyət ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq.
Bu bayramda vətandaşları maraqlandıran bəzi nüanslar var. Məsələn, qaurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? Əti necə bölüşdürmək lazımdır? Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?

Suallarımızı cavablandıran ilahiyyatçı Tural İrfan ''Sherg.az"a açıqlamasında bildirib ki, Qurban İslam aləminin iki böyük bayramından biridir:
''Bu bir ibadət hesab olunur. İbadətlər bir neçə yerə bölünür və onlardan biri də malla edilən qurban ibadətidir. Qurban Allaha yaxınlaşmaq deməkdir. Bəndə öz malını Yaradan yolunda qurban etməklə demək istəyir ki, sənin yolunda mən malımı, varımı əsirgəmirəm, lazımdırsa, bu heyvan kimi canımı da qurban etməyə hazıram. İslamda qurban dəvə, camış, inək, qoyun və keçirən olur. Dəvə 5 yaşını, inək, camış 2 yaşını, qoyun və keçi 1 yaşını keçmiş olmalıdır. Lakin böyük cinsli heyvanlar var ki, 6 aylıq olsa da böyük həcmli olur, onları da kəsmək olar. Xəstə, kor, şikəst heyvan kəsmək  olmaz. Qurbanı kəsən müsəlman olmalı, yönü qibləyə, Allahın adı ilə kəsməlidir. Heyvanı  pirdə, atəşgahda, məzarlıqda, yol kənarında, natəmiz yerlərdə kəsmək olmaz. Kəsərkən vacib olan heç bir dua yoxdur, yalnız Allahın adı çəkilib onun üçün kəsildiyini hər kəs öz dilində deməlidir. Qurban bayramı 3 gündür. Əsas gündən 2 gün sonra da kəsmək olar. Bu ona görədir ki, səfərdə olan, həmin günə çata bilməyənlər də digər 2 gündə kəsə bilsin. Əsas olan bu əməlin sosial tərəfidir. İmkanlı müsəlmanlar kasıb, miskin, möhtac adamlara qurban paylamalıdır. Hətta, heyvan özləri kəsməsi üçün hədiyyə də edə bilər.. Qurban ətini 3 hissəyə bölmək tövsiyyə edilir. Bir hissə özü və ailəsi, ikinci hissə qohum və qonşular, üçüncü hissə kasıb və ehtiyacı olanlar üçün ayrılmalıdır. Dəvə, camış, inəyi 7 nəfərə  qədər adam pul qoyub şərikli kəsib bölə bilərlər. Ancaq qoyun və keçini şərikli almaq olmaz''.

T.İrfan vurğulayıb ki, Qurban kəsmək Həcc ibadətinin bir hissəsidir:
" Bu əməl Həcdə olanlar üçün vacibdir. Ancaq digər müsəlmanlar da imkanları olduğu halda mütləq icra etməlidirlər. Sosial paylaşım, ünsiyyət, müsəlmanlar arasında dostluq hisslərinin inkişafı yönündən bu bayram xüsusi əhəmiyyət kəsb edir. Ancaq içalatlarla yolları zibilləmək günahdır. İçalatı, baş- ayağı ya ev heyvanlarına vermək, ya da dəfn etmək lazımdır. Çünki təmizlik imandandır. Qurban bayramının abu-havasını qorumaq vacibdir. Bayram namazı da bu 3 gün ərzində qılına bilir. Lakin əsas ilk gündür. Gün doğandan günorta namazına qədər vaxtı var. İki rükət namazdır və bu namazı məsciddə cəm halda, yaxud tək halda da qılmaq olar. Müsəlmanlar üçün, dünyada sülh üçün dua edilməli, Allahdan bərəkət, ruzi istənilməlidir. Hər kəsin öz dilində də icra etməsi mümkündür. Kim namazı ərəbcə qıla bilməzsə, bunu Azərbaycan dilində də icra edə bilər''.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
sherg.az

1Источники