RU

Milli Məclisdə Ermənistana çağırış: “Bundan qorxmalı deyillər”

Parlament 11 məsələnin müzakirəsinə toplaşdı: dövlət büdcəsinə dəyişiklik qəbul edilib
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti planer iclası keçirilib. İclasın gündəliyində Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) da daxil olmaqla 11 məsələ müzakirə olunub.
Milli Məclis 15 iyun Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının növbəti iclasında çıxış edib.  Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.

Komitə sədri: “Böyük Qayıdış Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır”
Çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Qurtuluş Günündən danışıb. Bildirib ki, Böyük Qayıdış Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır: “Biz Əliyevin gedişini də görmüşdük. 1987-93-cü illərdə  “quruculuq xətti” qırılan kimi Sovet coğrafiyasının hər yerində - təkcə Ermənistanda deyil, Rusiyadan Orta Asiyaya və Gürcüstana qədər azərbaycanlıların kütləvi köçü başlanıb. Bir neçə il sonra daxildə 100 minlərlə didərgin də 200 illik çarizm və son ümumittifaq qaçqınlığının növbəti pərdəsiydi. Lakin 80-ci illərdə imperiya rəhbərlərindən biri, yaxud 1993-cü ildə xiyabanlara və çadır şəhərciklərinə bürünən məmləkətə başçılıq edəndə də Heydər Əliyev hansı tarixi missiya qarşısında olduğunu yaxşı bilirdi. Əzəmətli Kremldə, ucqar Naxçıvanda, 93-cü ilin yanan Bakısında o, son iki əsrdə məğlub olan bütün milli rəhbərlərin yarımçıq taleyini təmsil edirdi. Əcdadlarımızın məğlubiyyət silsiləsini durdurub, nəhayət, qalib millət yaratmaq - Qurtuluşdan Zəfərə gələn yolu göstərir.
“Dəmir Yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur
““Dəmir Yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur. Ordusuz Horadiz əməliyyatı, silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin “dəmir iradə”nin nəticəsiydi. Üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, “Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi. Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib Böyük Liderdən əfv diləsinlər”, - deyə Z.Oruc əlavə edib.
Komitə sədri bildirib ki, Heydər Əliyevə qalib gələ bilməyənlər, son 4 ildə də İlham Əliyevə məğlub olublar: “Qayıdış əbədi prosesdir. 2022-ci ilin 19 iyulunda Ağalıya, 2023-cü ilin 17 oktyabrında Füzuliyə, 2024-cü ilin 10 mayında müqəddəs Şuşaya və nəhayət, 28 mayda qan yaddaşımız Xocalıya dönüş də Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır. Biz nəinki ölkəmizdə, bütün dünyada, Rusiya-Ukrayna savaşında, torpağından qan daman Qəzzada da Milli Qurtuluş arzulayırıq”.
“Çox gülüncdür ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəyə qarşı Ermənistan öz ərazi iddiasını gerbində saxlayır”
Deputat Tural Gəncəliyev isə çıxışı zamanı Ermənistana çağırış edib: “Ermənistan hökuməti və xalqı başa düşməlidir ki, Konstitusiyasının dəyişilməsində hər hansı fobiya yoxdur. Ermənistan xalqı bundan qorxmalı deyil. Dünya təcrübəsində müharibədən sonra ölkələrin öz konstitusiyalarına dəyişiklik etməsi olub. Almaniya, İtaliya İkinci Dünya müharibəsindən sonra öz konstitusiyasına dəyişiklik edib. Eyni zamanda, Ermənistanın yaxın müttəfiqi Fransa da 1947-ci ildə bunu edib. Bütün bunlar onu göstərir ki, Ermənistan öz Konstitusiyasına dəyişiklik etməlidir”.

“Bununla yanaşı, çox gülüncdür ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyəyə qarşı Ermənistan öz ərazi iddiasını gerbində saxlayır”, - deyə Gəncəliyev əlavə edib.
Avropa Parlamentində keçirilən seçkilərən danışarkən isə deputat bildirib ki, seçkilərdə sağ radikalların yer qazanması sevindirici hal deyil. “Hesab edirəm ki, bu, orada azərbaycanfobiyanı, islamafobiyanı artıracaq”.
Deputatlar büdcə dəyişikliyinə səs veriblər
Daha sonra deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə ediblər. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif olunub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
ayna.az

1Источники