RU

ABŞ Çindən Avropaya Azərbaycandan keçən ticarət yolunun böyük sirrini açdı...

Image

Əli Mustafa: “Bu o deməkdir ki, Çindən Avropaya yüklər Zəngəzur dəhlizi ilə daşınacaq”

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi təkcə uzun müddətdir davam edən münaqişəyə son qoymayacaq, həm də regiona Rusiyanın təsirini azaldacaq və Mərkəzi Asiyadan Türkiyəyə yeni ticarət yolu açacaq. Bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen bəyan edib. 

Onun sözlərinə görə, Birləşmiş Ştatlar məhz buna görə iki qonşu ölkəni belə bir müqaviləni qarşıdan gələn həftələr və aylar ərzində imzalamağa çağırır: “Bizim nəzərimizdə Mərkəzi Asiyadan Aralıq dənizinədək ərazidə yeni ticarət yolunun yaradılması üçün nəsildə, bəlkə də bir neçə nəsildə bir dəfə ələ düşən imkan var. Bu yalnız Ermənistan və Azərbaycan arasında sülh olarsa baş tuta bilər. Bu, təkcə ticarətə deyil, həm də bütün yol boyunca yeni sənayelərin açılmasına imkan verəcək”.

ABŞ dövlət katibinin köməkçisi onu da deyib ki, sözügedən ticarət yolu Azərbaycandan keçərək Mərkəzi Asiyadan Gürcüstanın Qara dəniz sahilinədək mövcud nəqliyyat xətlərini də gücləndirəcək.

“Belə görünür ki, Birləşmiş Ştatlar Ermənistanın beynəlxalq logistika dəhlizindən kənarda qalmasını istəmir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, O’Brayenin səsləndirdiyi fikirlər həqiqəti əks etdirir: “Həqiqətən də Azərbaycan və Ermənistan arasında münasibətlərin nizama salınması Orta Dəhlizin işləməsinə şərait yaradacaq. Bu isə o deməkdir ki, Çindən Avropaya yüklər Zəngəzur dəhlizi ilə daşınacaq. Ancaq bu məsələnin yalnız sülh müqaviləsi ilə əlaqələndirilməsi doğru deyil. Çünki əslində 10 noyabr 2020-də əldə edilən üçtərəfli razılaşma ilə bu yolun açılması təmin edilməli idi. Ancaq Ermənistan razılaşmanın 9-cu bəndini yerinə yetirmədi. Digər tərəfdən də sülh müqaviləsinin olması yaxşıdır, amma bütün məsələləri sülh sazişinin həll edəcəyini düşünmək doğru deyil. Yəni Azərbaycanın bütün maraqları, ədalətli maraqları nəzərə alınacaqsa, o halda sülh müqaviləsinin tezləşdirilməsi çox doğrudur. Yoxsa yalnız Ermənistanın təhlükəsizliyi beynəlxalq təhlükəsizlik naminə təmin edilirsə, o zaman bu, doğru yanaşma deyil. O zaman burada düşünmək lazımdır. Əlbəttə, sülh sazişinin imzalanması Rusiyanın regiona müdaxiləsini zəiflədir. Həmçinin bölgədə rifahın yaxşılaşmasına müsbət təsir edir. Ancaq o halda ki, sülh ədalətli olsun və Azərbaycanın milli maraqlarına cavab versin. Belə görünür ki, Birləşmiş Ştatlar Ermənistanın beynəlxalq logistika dəhlizindən kənarda qalmasını istəmir. Ermənistan gərəkən addımlar atmasa yenə vəziyyətdən uduzaraq çıxa bilər. Necə ki, ərazilərimizi işğal altında saxladığı üçün neft-qaz kəmərləri bu ökədən yan keçdi və bundan milyonlarla vəsait itirdilər. Bənzər yanaşma davam edərsə, yenə itirən tərəf olacaqlar”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
baki-xeber.com

1Источники