RU

Santos, yoxsa Santuş? - Etibar Cəbrayıloğlu yazır

Santos,

Etibar CƏBRAYILOĞLU

Camaat nə hayda, biz nə hayda? Dünyanın yarısı oturub televizorun qabağında futbol üzrə Avropa çempionatının açılış mərasimini gözləyir. Biz isə... Bir-birimizi qırıb-çatırıq ki, bəs necə yazaq? Yəni Santos olsun, yoxsa Santuş?

Futbol həyəcanı və havanın istisindən tamam unutmuşdum az qala, AFFA xeyli müddətdən sonra axtardığını tapdığı axı. Tanınmış portuqaliyalı mütəxəssis Fernandu Manuyel Fernandes da Kosta Santuş milli komandamıza baş məşqçi gətirildi. Yeri gəlmişkən, zalım oğlunun adı o qədər uzundur ki, qorxuram şərhçilərimiz millimizin oyunlarının əvvəlində onun adını tam deyənə kimi rəqiblər bizə 2 top vursun...

Portuqaliyalı məşqçinin karyerası, uğurları, titulları, istefaları barədə uzun-uzadı yazmağa ehtiyac yoxdu. Təcrübəli, dünyada sayılıb-seçilən məşqçidir. Durub necə oxuyaq ki

AFFA, bu Santuşu hardan tapmısan,
Aldadıb-aldadıb bağa salmısan?


Həqiqətən də zəngin karyerası və medal kolleksiyası var. Amma və lakin... Ölkədə normal futbol mühiti yoxdursa millinin baş məşqçisinin adının Santuş, yoxsa Santos yazılmasının nə önəmi?

Əfəndilər, uşaq futbolumuzun dərd-səri pensiya yaşına çatıb az qala, amma problem günü-gündən dərinləşir. AFFA heç bir ağıllı təklifi yaxın buraxmır. Santosu Santuş, Santuşu Santos yazan kimi məsələ həll olunacaq?

Yoldaşlar, Azərbaycanda təbii örtüklü meydança demək olar ki, qalmayıb. Santosla Santuşun fərqi varmı?



Bəylər, milli çempionatda oynamaq üçün güc-bəla ilə on klub düzəldilib, onlardan da doqquzu AFFA-nın süfrəsindən çörək yeyir. Belə vəziyyətdə millinin baş məşqçisi Santos gəlsə nə dəyişəcək, Santuş gəlsə nə?

Qardaşlar, qonşumuz Gürcüstanın yetişdirdiyi futbolçular köhnə qitədə tanımış klublarda top qovur, milliləri Avropa çempionatında iştirak etmək üçün Almaniyaya çatıb, yarışın başlanmasını gözləyir. Bizim yığma hələ “dütdülüyə” sevinir. Belə bir ağlamalı durumda Santos yazmaq doğrudur, yoxsa Santuş? AFFA rəhbərliyindən fərqli olaraq mənim portuqal dili ilə bağlı bilgim çox azdır. Portuqaliya ilə bağlı vur-tut bir lətifə bilirəm, onu da burda yazmaq ədəbsizlik olar. Heç özüm də düz-əməlli qərar verməmişəm, Santos yazım, yoxsa Santuş?

Meyxanaçı Güloğlan Metro Azadlıq prospektlili məndən cəld tərpənərək qafiyə də açıb:

Səhər Santos, axşam Santuş
Göndər gəlsin ordan bir tuş!

Избранный
98
reyting.az

1Источники