RU

Zəki Çəlik “Fənərbaxça”ya nifrət edirmiş

“Roma”nın çalışdırıcısı Daniele De Rossinin İtaliya mətbuatına verdiyi son açıqlamaların ardından Zəki Çəlik bir andaca türkiyəli futbolsevərlərin ən çox müzakirə etdiyi oyunçulardan birinə çevrilib.

"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi, Çəlik karyerasını “Roma”da davam etdirir. Türkiyə yığmasının üzvü geridə qoyduğumuz mövsüm “canavarlar”ın heyətində 29 rəsmi oyunda iştirak edərək 1521 dəqiqə meydanda oldu və hesabına iki məhsuldar ötürmə yazdı. De Rossi bugünlərdə italiyalı həmkarlarımızla görüşərkən söhbət 31-ci turda “Latsio” ilə baş tutan prinsipial derbidən düşdü. Jurnalistlərdən biri 40 yaşlı məşqçidən oyunçularını həmin oyuna necə motivasiyalandırdığını soruşdu. De Rossi cavabında işin içinə Zəki Çəliki də qatdı:
“Futbolçuları başıma yığaraq onlara həmin derbinin önəmini anlatmağa çalışdım. Bildirdim ki, əzəli rəqibimiz üzərində qələbə fanatlarımız üçün mühüm əhəmiyyət kəsb edir. Amma tam olaraq istədiyimə çata bilmədiyimi hiss etdim. Sonra başqa üsula əl atdım. Futbolçulara “uşaq vaxtı ən çox nifrət etdiyiniz klub hansı idi” sualını verdim. Portuqaliyalı futbolçular “Sportinq”in adını çəkdilər. Türkiyəli futbolçum isə “Fənərbaxça”nın adını çəkdi. Başqalarından da soruşdum. Sonra onlara “indi təsəvvür edin ki, həmin o uşaq vaxtı nifrət etdiyiniz kluba qarşı oynayırsız və onlara göz açmağa imkan verməməlisiz” dedim”.


De Rossinin bu motivasiyalı sözləri işə yaradı. “Roma” ev sahibi qismində olduğu həmin qarşılaşmada Mançininin 42-ci dəqiqəqədə vurduğu qolla minimal hesabla qalib gəldi. Həmin derbidə əvvəldən sonra qədər meydanda qalan Zəki 68-ci dəqiqədə sarı vərəqə aldı. Beləcə De Rossinin açıqlaması sayəsində Zəki Çəlikin “Fənərbaxça”nı sevmədiyi məlum oldu. Bu yerdə xatırladaq ki, ötən mövsümün qış fasiləsində “Qalatasaray” 27 yaşlı sağ cinah müdafiəçisini icarəyə götürməyə çalışmışdı. Amma həmin vaxt “Roma” rəhbərliyi ilə anlaşmaq mümkün olmamışdı. Şayiələrə inansaq, İstanbul nəhəngi bu yay da Zəkini transfer etməyə çalışacaq. Okan Buruk bir neçə gün öncə verdiyi açıqlamada güclənməyə ehtiyac duyulan mövqelərin başında müdafiənin sağ cinahının gəldiyini bildirmişdi. Zəki də məhz həmin mövqedə top qovur. Bu arada Zəki Çəlik zədə üzündən Türkiyə yığmasının son iki məşqində, eləcə də dünən Polşaya qarşı oyunda işitrak etməyib. Müvəqqəti olaraq U-21 və “Kasımpaşa”nın müdafiəçisi Yasin Özcanın əsas yığmaya dəvət alması diqqəti çəkib. Amma Zəkinin zədəsi onun AÇ-ni buraxmağına səbəb olacaq qədər ciddi deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
football-plus.az

1Источники