RU

Millətimizin və dövlətçiliyimizin xilası günü

XX əsrin əvvəlində Şərqdə qurulmuş ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. Bunun səbəbi Cümhuriyyətimizin dövlətçilik dayaqlarnın zəif olması, həmin dövrdə əlverişsiz beynəlxalq vəziyyətin mövcudluğu və imperiya maraqlarını üstün tutan Rusiyanın işğalçılıq siyasətinə qarşı təhlükəsizlik təminatının olmaması idi. 70 il SSRİ kimi imperiyanın tərkibində olmuş Azərbaycanda müsbət və mənfi çalarlarla dolu tarixi hadisələr baş vermişdir. Müsbət hadisələrin əksəriyyəti Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə qeydə alınmışdır.

Bu, dahi şəxsiyyətin Vətəninə bağlılığından, millətinə sevgisindən irəli gəlmişdir. 1918-ci ildə Xalq Cümhuriyyəti elan edilərkən 114.000 km2 əraziyə malik olan Azərbaycanın ərazisi 70 il ərzində 86.600 km2-dək azalmış, tarixi torpaqlarımız əlimizdən çıxmışdır. Sovet İttifaqının tərkibində olarkən yalnız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddətdə Vətənimizin bir qarış da olsun torpağı mənfur qonşularımıza hədiyyə verilməmişdir. Bundan başqa, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızın iqtisadiyyatında sıçrayış baş vermiş, həm sənaye, həm də kənd təsərrüfatında ciddi nailiyyətlər əldə edilmiş, təhsilin səviyyəsi yüksəlmiş, dövlətçiliyimizin inkişafı istiqamətində böyük işlər görülmüşdür. Məhz Ulu Öndərin öz Vətəni, milləti üçün gördüyü işlər imperiyanın maraqlarına zidd olduğu üçün dahi Lider 1987-ci ildə Sovet İttifaqının idarəetməsindən uzaqlaşdırılmışdı. Bundan sonra Azərbaycana qarşı həm daxildə, həm də xaricdə kompaniyaya başlanması təsadüfi deyildi. Məqsəd Azərbaycanı yenidən parçalamaq, Anadolu ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayan əzəli torpaqlarımızda ikinci erməni dövləti yaratmaq, bununla türk dünyasının birləşməsinə əngəl olmaq idi.

Ermənilərin 1988-ci ildə başlayan Qarabağ avantürasının ssenarisi hələ uzun illər əvvəl yazılsa da, məhz Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bunu icra etmək mümkün olmamışdı. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyətə gəlmək uğrunda müxtəlif qrupların apardıqları amansız mübarizə dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin vaxt xalq öz oğlunu köməyə çağırmış və millətinə, dövlətinə olan sevgisi Ümummilli Lideri çiynini ağır yükün altına verib ömrünün qalan hissəsini xalqına həsr etməyə vadar etmişdi. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ərəfəsində torpaqlarımızın 20 %-i mənfur qonşularımız tərəfindən işğal olunmuş, 1 milyona yaxın soydaşımız öz dədə baba torpaqlarından qaçqın və məcburi köçkün düşmüş, ölkəmiz ağır iqtisadi böhrana girmiş, insanların sabaha olan ümidi günü-gündən azalmışdı. Belə ağır durumda Ulu Öndər zəngin idarəçilik təcrübəsindən istifadə edərək dərhal ölkəmizin ictimai-siyasi həyatında sabitlik yaratmaq üçün fəaliyyətə başlamış, ilk növbədə qanunsuz silahlı birləşmələr tərksilah edilmiş, ordu quruculuğu işlərinə başlanılmış, Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hücumlarının qarşısı alınaraq Füzuli rayonunun işğal olunmuş bir sıra kəndləri işğaldan azad edilmiş, 12 may 1994-cü ildə Bişkekdə atəşkəs müqaviləsi imzalanmaqla işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində fəaliyyətə başlanılmışdır. Bunu görən xarici düşmənlərimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında iki dəfə dövlət çevrilişinə cəhdlər etdilər, lakin xalq-hakimiyyət birliyi Azərbaycanı yenidən bəlalara sürükləməyin qarşısını aldı.

20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanın qapıları dünyaya açılmış, ölkəmizə investisiya axını artmaqla xalqın maddi rifah halı yaxşılaşmışdır. 12 noyabr 1995-ci ildə qanunvericiliyin əsasını təşkil edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Əsas Qanunda əksini tapmış müddəaların əksəriyyəti insan hüquqlarına aiddir. Bu da Ümummilli Liderin siyasətində insan amilinin nə dərəcədə üstünlük təşkil etdiyini sübuta yetirən xüsusatdır. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi olması, dövlətçiliyimizin inkişafı, xalqın sosial vəziyyətinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təmin olunub dünyanın güclü ordu sıralarında özünə yer tutması, gənclərin sağlam ruhda böyüməsi, idmanın, mədəniyyətin, təhsilin, səhiyyənin tərəqqisi və bütün digər sahələrdə inkişafın baş verməsi istiqamətində həyata keçirdiyi siyasəti Onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirmiş, nəticədə 8 noyabr 2020-ci ildə Şuşada Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu Bayrağı dalğalanmaqla həmin gün tariximizə Zəfər Günü kimi düşmüşdür.

Bu gün Azərbaycan Respublikası dünya dövlətləri arasında öz nüfuzunu artırmaqla, müstəqil siyasət yürüdən, sülhsevər, heç bir hərbi alyansın üzvü olmayan, etibarlı dövlətdir. Təsadüfi deyil ki, son 3 ildə Azərbaycan BMT-dən sonra dünyanın ən böyük təsisatı olan, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına 4 il sədrlik etmişdir. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin zəhməti hesabına yaranmış dövlətçilik ənənələrinin nə qədər güclü təməl əsasında qurulduğunu və bu dövlətin əbədi olacağını göstərir. Hər bir Azərbaycan vətəndaşı müstəqil, çiçəklənən Azərbaycan Respublikasının mövcudluğuna görə Ümummilli Lider Heydər Əliyevə və onun layiqli davamçısı, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə borcludur. Qurtuluşun mübarək, Azərbaycan!

Babək Paşayev,
Goranboy rayon prokurorunun müavini, ədliyyə müşaviri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
ikisahil.az

1Источники