RU

Makronun "seçki qumarı" partiya daxilində xaos və qəzəb yaratdı...

Image

“Bir çox insan kimi, mən də prezidentin Milli Assambleyanı buraxmaqla bağlı qərarını eşidəndə heyrətə gəldim. Olimpiya Oyunlarından bir neçə həftə əvvəl bu, həqiqətən də son dərəcə narahatedici məqamdır”. Bu sözləri Paris şəhərinin meri Ann İdalqo Fransa prezidenti Emmanuel Makronun növbədənkənar seçkilər təyin etməsi ilə bağlı deyib. 

O, Parisin Olimpiya Oyunlarına ev sahibliyi etməsindən bir neçə həftə əvvəl Makronun seçki təyin etməsi qərarının səbəbini başa düşməkdə çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib. Növbədənkənar seçkilərin ilk turu iyunun 30-da, ikinci turu isə bir həftə sonra baş tutacaq. Olimpiya Oyunları isə 26 iyul - 11 avqust tarixləri arasında keçiriləcək. Bu vəziyyətdə “Bloomberg” agentliyi yazır ki, Makronun seçki qumarı partiyası daxilində xaosa və qəzəbə səbəb olub, müttəfiqləri onun qərarını açıq şəkildə şübhə altına alır və dövlət qulluqçuları artıq ifrat sağçı hökumətin necə işləyəcəyini açıq şəkildə müzakirə edirlər: “Fransa prezidentinin partiyasının buna hazır olmadığı və Fransa ictimaiyyətinin bundan çəkindiyi bir vaxtda seçki kampaniyasına başlamaq qərarı onun müttəfiqləri arasında çaşqınlıq yaradır. 46 yaşlı prezidentin İntibah Partiyasının qanunvericiləri və rəsmiləri hələ də partiyadaxili müzakirələr zamanı planı razılaşdırmaqda çətinlik çəkirdilər. Bəziləri qəzəblə reaksiya verir, bəziləri Makronun hərəkətlərinin siyasi məntiqini başa düşməkdə çətinlik çəkir və bir çoxları seçki perspektivləri ilə bağlı bədbindir”. Nəşrin mənbəsinin məlumatına görə, baş nazir Qabriel Attal və Milli Assambleyanın prezidenti Yael Braun-Pivet bu qərara qarşı çıxıb. Daha əvvəl Attalın Makrondan yeni seçkilərə təşəbbüs etməməyi və istefasını qəbul edərək “onu qurban verməyi” xahiş etdiyi, lakin dövlət başçısının bununla razılaşmadığı bildirilmişdi. İntibah Partiyasının deputatı Kristof Marion qeyd edir: “Makron qərarını açıqlayanda sıralarımızda şok və qəzəb var idi. Sanki o, bizi məğlub döyüşə göndərmişdi”. Bir çox qanunvericilər və rəsmilər yüksək risqli strategiyanın prezidentin partiyasının itkilərini artırmaq və onun iqtisadi gündəmində irəliləyiş üçün qalan perspektivləri sarsıtmaq ehtimalının daha yüksək olduğunu deyir. Makron özü də deyib ki, "qazanmaq üçün seçkiyə gedir". O,   qarşıdan gələn parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, istefa verməyəcəyini də deyib.  Fransa dövlət başçısı "Le Figaro" jurnalına müsahibəsində bildirib: “Konstitusiyanı və onun ruhunu yazan Milli Birlik Partiyası deyil. Nəticə nə olursa olsun, qurumlar və prezidentin yeri aydındır”. 

Bu arada, partiyası iyulun 7-də keçiriləcək ikinci turda qalib gələrsə, Milli Birlik Partiyasından Jordan Bardella baş nazir olacaq.  Partiyanın lideri Marin Le Pen 31,37 faiz toplayaraq Avropa Parlamenti seçkilərində qazandıqları tarixi qələbədən istifadə etməyə hazırlaşır. Onlar Fransa siyasətinin sağ cinahını konsolidasiya etməyi planlaşdırırlar. Makron isə öz növbəsində bu ittifaqı rədd edən Respublikaçılarla , eləcə də Fransa prezidentliyinə iki dəfə namizəd olmuş Jan-Lük Melenşonun “Fəth olunmamış Fransa”sı ilə, hətta istənilən ittifaqa müqavimət göstərən Sosial Demokratlarla birləşməyə ümid edir. Bu arada, Milli Birlik Partiyası reytinq qazanmağa davam edir. Son sorğulara görə, qanunvericilik seçkilərinin birinci turunda Milli Birlik Partiyası Avropa seçkilərindən daha çox, yəni səslərin 35 faizini qazana bilər. 577 seçki dairəsində birinci və ikinci turlar arasında baş verən siyasi durum fonunda Fransada qanunvericilik seçkilərinin nəticəsi çox gözlənilməz olacaq. Ümumiyyətlə isə, təkcə Fransada yox, ifrat sağçı partiyaların Avropa Parlamentində rekord sayda yer qazanacağı proqnozlaşdırılır. Belə sonuc gerçəkləşərsə, Brüsseldəki başlıca siyasi meyl acı məzəmmətlə üzləşəcək, Avropanın gələcəyi ilə bağlı isə qeyri-müəyyənlik artacaq. Avropa İttifaqının üzvü olan 27 ölkədə üç gün sürən səsvermədən sonra ekzit-poll aşırı sağçı partiyaların 720 yerdən 150-sini qazanacağını göstərib. Bu da, böyük ehtimalla, əsas siyasi kursa sadiq partiyaların qanunları qəbul etmək üçün çoxluq formalaşdırmasını çətinləşdirəcək. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen  etdiyi çıxışda deyib ki, nəticələr onun mənsub olduğu Avropa Xalq Partiyasının  hələ də “sabitlik lövbəri” kimi fəaliyyət göstərə biləcəyini göstərir. Ancaq o, öz siyasi müttəfiqlərini də ekstremist partiyalara qarşı duruş gətirməkdən ötrü köməyə çağırıb.  Avropa mərkəzçiləri aralarındakı fərqləri kənara qoyaraq, yüksəlməkdə olan ifrat sağa qarşı koalisiya qurmağa başlayırlar. Aşırı sağın ən uğurlu nəticələri, əsasən, Avropa Parlamentində ən çox yerə sahib olan ölkələrdə qeydə alınıb. Bu ölkələr Fransa, İtaliya və Almaniyadır.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
50
baki-xeber.com

10Источники