RU

Yeqor Xvalko daha bir il “Kəpəz”də - Rəsmi

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Kəpəz”də müdafiəçi Yeqor Xvalko ilə bağlı yekun qərar verilib.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi 27 yaşlı futbolçunu heyətində saxlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Xvalko ilə danışıqlar müsbət nəticələnib. Belaruslu müdafiəçi ilə yeni – 1 illik müqavilə imzalanıb. Bir sözlə o, 2024/2025 mövsümünün sonunadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Yeqor Xvalko 2022-ci ilin iyul ayında “Kəpəz”ə qoşulmuş və 1 illik müqaviləyə imza atmışdı. Ötən yay isə onun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunadək uzadılmışdı.

Xvalko geridə qalmış 2023/2024 mövsümündə “Kəpəz”in heyətində 36 oyuna çıxıb. Belaruslu futbolçunun “Gəncə” klubundakı karyerası bütövlükdə 66 oyun və 2 qoldan ibarətdir. Xvalko həm də bu komandanın kapitanlarından biridir.

Daha öncə “Arsenal” (Dzerjinsk), “Neman” (Qrodno), “Dnyapro” (Mogilev) və “Lida” kimi klublarda da oynamış müdafiəçi, Belarusun U-18, U-19, U-21 yığmalarında da forma geyinib. O, əsas milliyə də dəvət almasına rəğmən, hələ debüt şansı qazanmayıb.

“Kəpəz” Xvalkodan öncə Elçin Əlicanov (“Zirə”) və Vüsal Məsimovla (“Səbail”) yollarını ayırdığını açıqlamışdı.

Избранный
159
arena.az

1Источники