RU

Yaşı çatmayanların toy ziyafətinə yer verən restoran sahiblərinə yeni cəzalar...

Image

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar və Ailə Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Belə ki, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək.

Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcək. Bununla da erkən evliliyin qarşısı alınacaq.

Həmçinin, Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq. 

Eyni zamanda, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. 

Qanunvericiliyə edilən məlum dəyişikliklər ekspertlər tərəfindən müsbət qarşılanır. Hesab edilir ki, bu dəyişiklik erkın nikahların qarşısını alacaq və gələcəkdə dünyaya gələcək xəstə uşaqların sayını azaldacaq.

Elçin Bayramlı: “Xalaqızı, əmioğlu və s. qardaş-bacı statusundadır, onların evlənməsi düzgün deyil” 

Sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qohum evliliklərinin qadağan edilməsi təqdirəlayiqdir: “Yaxın qohumların evlənməsi doğulacaq uşaqlarda ciddi problemlərə, xəstəliklərə səbəb olur. Mənəvi cəhətdən də qohum evliliyi qəbuledilməzdir. Xalaqızı, əmioğlu və s. qardaş-bacı statusundadır. Onların evlənməsi düzgün deyil”. 

Fatimə Hacıbəyli: “16 yaşına çatmayan şəxsləri nişanlayanlar məsuliyyətə cəlb olunmalıdır” 

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  erkən nikaha daxil olan qızların toyu üçün restoran icarəyə verən şəxslər cərimələnməlidir: “Restoranlar biznes qurumu olduğundan, məsələnin sosial tərəfi onları düşündürmür. Amma artıq el şənliklərinin keçirildiyi obyekt sahibləri də sosial məsuliyyət hiss etməlidirlər. Toy edən cütlüklərin şəxsiyyət vəsiqəsi, nikah sənədi tələb olunmalıdır. Belə olarsa, onlar da 17 yaşa çatmayan qızların toyunun baş tutmasına şərait yaratdıqları üçün hüquqi məsuliyyət daşıyarlar".

Birlik sədri onu da əlavə etdi ki, şadlıq saraylarının rəhbərləri, məktəb direktorları, sinif rəhbərləri yox, cəmiyyətin hər bir nümayəndəsi yetkinlik yaşına çatmayan qızların evləndirilməsi məsələsinə həssas yanaşmalı və vətəndaş məsuliyyətini ortaya qoymalıdır: “Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. İnsanları məlumatlandırmaq vacibdir ki, hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər”.

Həmsöhbətimizin sözlərinə görə, 16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq. Məktəbyaşlı qızla nişanlananlar ya cərimə ediləcək, ya da həbs olunacaq: “Bu olduqca düzgün qərardır. Nişanlanmanın özü də nikahdır. Məktəb yaşlı qız nişanlanırsa o artıq dərslərindən uzaqlaşır, fikri ailə qurmaq yanında olur. Və ya ailəsinin basqısı ilə nişanlanır, yenə də təhsildən uzaq düşür və onun gələcək həyatı məhv olur. Bu səbəbdən də hesab edirəm ki, 16 yaşına çatmayan şəxsləri nişanlayanlar məsuliyyətə cəlb olunmalıdır”.

Vaqif Qarayev: “Qohum evliliyinin qadağan olunması  yaxşı fikirdir, ancaq bu, qohum evliliyinin qarşısını ala bilməyəcək” 

Həkim-pediatr Vaqif Qarayev də qohum evliliyinin əleyhinədir: “Qadağa yaxşı fikirdir, ancaq bu, qohum evliliyinin qarşısını ala bilməyəcək. 1-ci dərəcəli qan qohumlarından (əmiuşağı, xala, bibi, dayıuşaqları) doğulacaq uşaqlarda irsi-genetik xəstəliklərin olma ehtimalı yüksəkdir. İrsi metabolik pozğunluqlar, ağır ürək qüsurları, talassemiya, əqli və fiziki məhdudiyyətlər və s. tez-tez rast gəlinir. Ətrafınızda belə uşaqlar varsa, qohum evlilik səbəbi ilə maraqlanın. Bu barədə uzun danışıb həyəcan, təşviş yaratmaq istəmirəm.Təbabət qadağa qoymur, amma ciddi fəsadların olacağı barədə proqnoz verir. Ona görə məsuliyyət qalır valideynlərin boynunda. Bəzən deyirlər ki, arada sevgi-məhəbbət filan olur.  Qohumla evlənmək istəyənlər əvvəlcədən genetik müayinədən keçsələr yaxşıdır. Ancaq əlbəttə, heç evlənməsələr daha yaxşıdır”. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
baki-xeber.com

1Источники