RU

Vyanada keçirilən seminarda Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələsi müzakirə ediləcək

Bakı,12 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Vyana şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) “Avropa regionu üzrə vahid sağlamlıq” mövzusunda keçirilən seminarda iştirak edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 11-13-nü əhatə edən seminarın məqsədi Avropada, həmçinin Mərkəzi Asiyada ictimai sağlamlıq, heyvan sağlamlığı və ətraf mühitin mühafizəsi üzrə “Regional vahid sağlamlıq mexanizmi”nin yaradılması məsələlərinin müzakirəsi və ÜHST-in cari ildə Özbəkistanda keçiriləcək 31-ci Regional Konfransına təqdim ediləcək təkliflərin hazırlanmasından ibarətdir.

Seminarın ilk günündə Avstriya, Fransa və İsveçrə ilə yanaşı ölkəmizdə “Vahid sağlamlıq” konsepsiyasının icra vəziyyəti və görülən işlər barədə təqdimatlar edilib. Təqdimatda zoonoz mənşəli heyvan xəstəlikləri ilə mübarizənin və bu məqsədlə aidiyyəti qurumların əlaqəli fəaliyyətinin təşkili, antibiotiklərin dövriyyəsinə nəzarət mexanizmlərinin tətbiqinə dair geniş məlumat verilib. Regionda ilk dəfə helikopterdən istifadə etməklə ölkəmizdə vəhşi heyvanların quduzluq xəstəliyinə qarşı aldadıcı yemlər vasitəsilə peyvəndlənməsi, sürətlə yayıla bilən və insan sağlamlığı üçün də təhlükəli olan xəstəliklərə qarşı epizootoloji monitorinqlərin sistemli şəkildə həyata keçirilməsi və bunun üçün 2+ bioloji təhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyaların istifadəsi mütərəqqi təcrübə kimi qarşılanıb.

Bu il ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyi üzrə azad olma statusunun təsdiqi və Avropa heyvan rifahı platformasının rəhbər komitəsinə üzv seçilməsi, habelə dabaq xəstəliyi üzrə regional məsləhət qrupunun rəhbəri kimi fəaliyyətləri yüksək qiymətləndirilib, ÜHST-in təşəbbüslərinə fəal şəkildə qoşulduğu vurğulanıb.

Seminarın yekununda qəbul olunacaq sənədlərlə yanaşı, Azərbaycanın təcrübəsinin digər ölkələrdə də tətbiqi məsələsi müzakirə ediləcək.

Səfər zamanı ÜHST-in hazırda fəaliyyətdə olan Baş Direktoru Monik Elua və yeni seçilmiş, 2024-cü il avqustun 1-dən fəaliyyətə başlayacaq Baş Direktor Emanuel Soyberian, həmçinin təşkilatın Avropa üzrə regional ofisinin rəhbərliyi ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, seminarda ÜHST-nin Avropa üzrə regional ofisinə daxil olan 53 ölkə iştirak edir.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
azertag.az

1Источники