RU

Ailə üzvlərini öldürməkdə təqsirli bilinən şəxsin istintaqı yekunlaşıb

Yayımlandı: 12 İyun 2024 15:51 Əhməd Əhmədov barəsində iş məhkəməyə göndərilib Anasını, atasını, azyaşlı qardaşını, bacısını və onun 5 yaşlı qızını öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı 4 aydır Xətai Rayon Prokurorluğunda gedən istintaq tamamlanıb. Onun haqqında cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. “Cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar hərtərəfli araşdırılıb”, – Baş Prokurorluqdan bildirilib. Prokurorluğun məlumatında vurğulanıb ki, istintaq dövründə təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, Əhməd Əhmədovun hadisə zamanı anlaqsız olması, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqilə bağlı icraat başlanıb. Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra Maştağa qəsəbəsində yerləşən, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Əhməd Əhmədov ilk dəfə fevralın sonunda məhkəmə qərarıyla Respublika Psixiatriya Xəstəxanasına köçürülmüş, onu orada müayinə edən ekspert-mütəxəssislər rəy vermişdi. Məhkəmə-psixiatrik ekspertizasının birinci rəyi aprelin əvvəlində prokurorluğa göndərilmiş və orada Əhməd Əhmədovun anlaqsız olduğu göstərilmişdi. Lakin prokurorluq bu rəydən narazı qalaraq, onun yenidən ekspertizadan keçirilməsinə qərar vermişdi. Bu üzdən Əhməd Əhmədov bir neçə gün sonra yenidən müayinə olunması üçün psixiatriya xəstəxanasına köçürülmüşdü. Lakin ekspertlər təkrar müayinədən sonra yenə də eyni nəticəyə gələrək, Əhməd Əhmədovun həm cinayəti törədərkən, həm də hazırda anlaqsız olduğunu hesab edib. Hadisə fevralın 13-də axşam saat 16.30 radələrində baş verib. İttihama görə, Əhməd Əhmədov paytaxtın Günəşli qəsəbəsində yaşayan bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun 5 yaşlı qızını balta ilə qətlə yetirib. O, daha sonra Xətai rayonu, Əhmədli qəsəbəsində valideynlərinin yaşadığı evə gəlib. Öncə evdə olan atası, 1972-ci il təvəllüdlü Mehman Əhmədovu balta ilə öldürüb. Daha sonra anası Bikə Əhmədova və 9 yaşlı qardaşı Məhəmmədin gəlməsini gözləyib. Ana və uşaq birlikdə gələndə onların da eyni üsulla öldürüldüyü bildirilir. Qətlə yetirilən 47 yaşlı Bikə Əhmədova Bakıdakı 59 saylı məktəbin direktoru idi. Qohumlarının verdiyi ilkin məlumatlara görə, Əhməd Əhmədovun psixi problemləri vardı. Bu üzdən onun əvvəllər xəstəxanada müalicə aldığı, davamlı şəkildə dərmanlar qəbul etdiyi bildirilir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
xural.com

1Источники