RU

Santuş Azərbaycan millisini dirildə biləcək? - Ekspert RƏYLƏRİ

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. AFFA-nın İcraiyyə Komitəsinin iclasında tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
 

Portuqaliyalı keçmiş futbolçu və məşqçi Fernandu Santuş 10 oktyabr 1954-cü ildə Lissabon şəhərində anadan olub. Santuş 2014-cü ilin sentyabrında Portuqaliya millisinin baş məşqçisi olub. 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olan Santuş ölkəyə tarixində ilk böyük kuboku gətirib. Daha sonra o, Portuqaliyanı 2019-cu ildə UEFA Millətlər Liqasında qələbəyə aparıb.


Santuş 2022-ci ildə keçirlmiş Dünya Çempionatından sonra Portuqaliya millisinin baş məşqçi postunu tərk edib və qısa müddət ərzində Polşa millisini çalışdırıb.

2024-cü ilin yanvarında Türkiyə Super Liqa komandası “Beşiktaş”ın baş məşqçisi olub və 13 aprel 2024-cü ildə istefaya göndərilib.

 

Beləliklə, Santuş futbol üzrə Azərbaycan milli komandasının 7-ci əcnəbi baş məşqçisi olub.

 

Məlumata görə, portuqaliyalı mütəxəssis bu gün gecə saatlarında ölkəmizdə olacaq. Sabah tanınmış çalışdırıcının təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. F.Santuşla müqavilənin detalları da məhz həmin tədbirdə açıqlanacaq.

 

Fernandu Santuşun milli komandada özünü doğruldub-doğrultmayacağı isə idman ictimaiyyətinin müzakirə etdiyi əsas məsələlər arasındadır.

 

Modern.az məsələ ilə bağlı futbol ekspertlərinin fikrini öyrənib.

 

Futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, Fernandu Santuş təcrübəli məşqçidir. Portuqaliyada çox işlər görüb, Avropa çempionu olub:

 

“Amma Polşada işinin alınmaması təəccüblüdür. Santuşun faəliyyətinə baxanda görürük ki, yığma komandalarla işləyib. Onun əlində hər zaman Avropada, hətta deyərdim ki, dünyada lider olan oyunçular olub. Bizdə isə vəziyyət başqadır. Amma mən düşünürəm ki, bizə xarici məşqçi lazımdırsa, elə Portuqaliya-İspaniya zonasından olmalıdır. Çünki Azərbaycan futbolu həmin ölkələrə yaxındır. Topla çox çalışır, fikirləşir, işləyirik və bu oyunu oynaya bilirik. Mən deyərdim ki, Santuşun digərlərinə nisbətən məşhurluğu var. İndi məsələ qalır onun bizim yığmamızla bağ qurmasına. Bu vacib amildir”.

 

"Qol.az" saytının baş redaktoru Aydın Bağırovun sözlərinə görə, Santuşun fəaliyyəti ilə bağlı indidən nəsə demək tezdir:


“Biz indidən onun uğurlu, yaxud uğursuz olacağını proqnozlaşdıra bilmərik, bunu zaman göstərəcək. Onu deyə bilərik ki, Santuş böyük ulduzlarla çalışıb, yetərli təcrübəsi olan məşqçidir. Amma bəzən böyük adlar hər şeyi həll etmir. Bura onun üçün fərqli mühitdir, mentalitetdir, bölgədir. Düşünürəm ki, onun Azərbaycana uyğunlaşmasına müəyyən zaman lazım olacaq. Ümumən, milli komandanın inkişafı üçün də proqramlar hazırlanmalı və icra olunmalıdır. Bundan sonra biz nəsə deyə bilərik. Onun uğurlu olub-olmayacağını yalnız zaman göstərə bilər”.

 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
modern.az

1Источники