RU

Ankara Universitetinin professoru Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub - FOTO

Hüseyn Cavidin Ev Muzeyini ölkəmizdə elmi səfərdə olan Türkiyə Cümhuriyyəti Ankara Universitetinin professoru Ərdoğan Uyğur ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Muzeyin direktoru Əməkdar Mədəniyyət işçisi, fil.e.d. Gülbəniz Babaxanlı ilə görüşən alim muzeyə müəllifi olduğu “Hüseyn Cavid. Ədəbi fəaliyyətləri və Topal Teymur pyesi” və “Türk dünyası şeir antologiyası” (“Türk dünyası şiir antolojisi”, həmmüəllif) kitabları hədiyyə edib.

Professor “Hüseyn Cavid. Ədəbi fəaliyyətləri və Topal Teymur pyesi” əsərində dramaturqun İsmail Qaspiralının “Dildə, fikirdə, işdə birlik” düsturundan çıxış edərək ortaq Türkcə yaratmasını, ədəbi, fəlsəfi fəaliyyətini tədqiq edib və “Topal Teymur” əsərini Türkiyə türkcəsində kitaba daxil edib.

“Türk dünyası şeir antologiyası” (“Türk dünyası şiir antolojisi”) adlı kitabda Hüseyn Cavidin “Türk əsirlər”, “Qoca bir türkün vəsiyyəti”, “Mənim Tanrım”, “Azəri düşünərkən” və s. şeirləri oxuculara təqdim edilib. Kitabda M.Ə.Sabir, M.Hadi, A.Şaiq, M.Müşfiq, B.Vahabzadə, M.Araz və s. kimi usta qələmlərin bioqrafiyası və şeirləri də yer alıb.

Araşdırmacı Ərdoğan Uyğur dramaturqun ev muzeyini ziyarət edərək ədibin həyat və yaradıcılığını əks etdirən eksponatlar ilə tanış olub və muzeyin xatirə dəftərinə ürək sözlərini qeyd edib. Muzeyin direktoru fil.e.d. Gülbəniz Babaxanlı “Hüseyn Cavid. Seçmə aforizmlər”, Mişkinaz Cavidin “Cavidi xatırlarkən” kitablarını qonağa hədiyyə edib.

Избранный
20
tehsil.biz

1Источники