RU

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün Azərbaycanda hansı işlər görülür?

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Lakin təəssüf ki, dünyanın hər yerində uşaqlar üçün həyat eyni deyil. Hələ də milyonlarla azyaşlı təhsildən uzaq şəkildə yaşayır, məcbur işlədilir, əməyindən istifadə olunur. 

 

Sfera.az bildirir ki, iyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür. İlk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.Bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.

 

Son məlumatlara görə, dünyada 5-17 yaşarası işləyən uşaqların sayı 160 milyon (63 milyon qız və 97 milyon oğlan) təşkil edir. Sub-Sahara Afrikası 26 faizlə uşaq əməyinin ən böyük nisbətinə malikdir, Latın Amerikası və Karib hövzəsində isə uşaqların 7 faizi potensial zərərli işlərdə çalışır. Ən az inkişaf etmiş ölkələrdə 5-17 yaş arasında olan hər 4 uşaqdan 1-dən çoxu sağlamlığı və inkişafı üçün zərərli hesab edilən işlərdə fəaliyyət göstərir. Dünya ölkələrinin əhalisinin sayını nəzərə alsaq, 160 milyona yaxın uşaq işçilərin sayı 8 ölkə istisna olmaqla, bütün ölkələrin əhalisindən daha çoxdur.

 

Uşaq əməyinə qarşı mübarizə problemləri ilə əlaqədar məlumatlılığın artırılması və ictimaiyyətin səfərbərliyi məqsədilə hər il iyunun 12-də hökumət və ictimai təşkilatlar tərəfindən müxtəlif kütləvi tədbirlər keçirilir, rəsm sərgiləri, sayt təqdimatları, idman yarışları, uşaq bayramları, tamaşalar, informasiya kampaniyaları təşkil olunur. 

 

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilə qədər uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

 

Azərbaycanda da uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.

 

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Uşaq hüquqları sahəsində BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulan və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdıran Azərbaycan, eyni zamanda, BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. Qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

 

Uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacib amillərdəndir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “2020–2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası”nda xüsusilə uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi qeyd edilib. 

 

Dünyanın hər yerində uşaqlar öz enerjilərini fərdi bilik və bacarıqlarının artırılmasına yönəltməli, uşaq inkişafının bütün istiqamətləri üzrə qayğı ilə əhatə olunmalı və uşaq əməyinin istismarına qarşı birgə mübarizənin ən fəal iştirakçısı olmalıdırlar. Çünki əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur.

 


Firuzə Əliyeva

 

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.


Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
sfera.az

1Источники