RU

Dmitri Savelyev: Rusiya və Azərbaycan üçün əsas təkamül nöqtələrindən biri hərtərəfli əməkdaşlığın genişləndirilməsidir -MÜSAHİBƏ

Dmitri

Moskva, 12 iyun, AZƏRTAC

Bu günlərdə başa çatan XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF-2024) ənənəvi olaraq Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Forum zamanı Rusiya və Azərbaycan tərəflərinin nümayəndələri tərəfindən bir sıra mühüm bəyanatlar verilib, yeni birgə layihələr elan edilib. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyətini və forumun nəticələrini qiymətləndirib.

– Dmitri İvanoviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafının müasir vektorunu necə xarakterizə edərdiniz?

– Burada, ilk növbədə, ölkəmizin Prezidenti Vladimir Vladimiroviç Putinin ötən Forumun ilk günündə jurnalistlərlə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri qarşılıqlı maraq və rəğbət əsasında qurulan uğurlu, etibarlı və çox praqmatik əlaqələr kimi xarakterizə etdiyi barədə açıqlamasından sitat gətirmək istəyirəm. Prezident xüsusi olaraq vurğuladı ki, bizim bütün birgə layihələrimiz hər iki ölkə rəhbərlərinin hərtərəfli dəstəyi ilə həyata keçirilir. Məsələn, Azərbaycanda vətəndaşların rus dilini öyrənməsinə dövlət səviyyəsində yardım edilir və bu, şübhəsiz ki, ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyindən xəbər verir.

– Sizin fikrinizcə, PBİF-2024 Rusiya-Azərbaycan münasibətlərinə nə gətirdi?

– İki dövlət arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarına və 2024-2028-ci illər üçün yeni Yol xəritəsinin bəndlərinə uyğun olaraq, ölkələrimiz indi bütün səviyyələrdə çox sıx şəkildə birgə iş aparır. Bu gün hətta mütəxəssis olmayan bir şəxs belə, Rusiya ilə Azərbaycan arasında istənilən sahədə - regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində, iqtisadiyyat və ticarətdə, enerji və bank sektorunda, maşınqayırma və gəmiqayırmada, kənd təsərrüfatı və əczaçılıqda, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın parlaq nümunələrini asanlıqla sadalaya bilər. Beləliklə, PBİF ənənəvi olaraq yalnız rəsmi şəxslərin mühüm açıqlamaları üçün fəaliyyət göstərən platformaya deyil, həm də maraqlı tərəflərin - həm dövlət qurumlarının, həm də hər iki ölkənin biznes nümayəndələrinin uzun müddət ərzində çəkilən zəhmətlə ərsəyə gələn sazişləri konkretləşdirdikləri, mövcud və perspektivli qarşılıqlı faydalı layihələrin həyata keçirilməsini müzakirə edə bildikləri müstəviyə çevrilib.

– Şəxsən, yeni razılaşmalardan hansını daha əhəmiyyətli hesab edirsiniz?

– Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin perspektivlərinə həsr olunmuş sessiyada Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (RF XİN) rəhbərinin müavini Mixail Qaluzin Azərbaycanda ölkələrimizin münasibətlərinin inkişafında, o cümlədən ticarət-iqtisadi əməkdaşlıqda yeni addım ola biləcək Rusiya baş konsulluqlarının yaradılması təşəbbüsünü elan etdi. Turizm sahəsində əlaqələrin inkişafına isə hazırda Azərbaycanda həyata keçirilən Rusiyanın “Mir” ödəniş sisteminin tədricən tətbiq edilməsi prosesi rəvac verəcək.

Mütəxəssislərin fikrincə, ölkələrimiz arasında hesablaşmaların yarıdan çoxu milli valyutalarımızla həyata keçirilir, dollardan və Qərbin hər cür mənfi təsirlərindən asılı olmayan belə bir ticari-iqtisadi mühitin yaradılmasına Azərbaycan və Rusiya birgə nail olub.

Həmçinin Forumun Rusiya-Azərbaycan sessiyasında Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə nizamlanmasının davam etdirilməsi, Qarabağın bərpasında Rusiyanın iştirakı, Rusiya-Azərbaycan-İran qarşılıqlı fəaliyyətinin perspektiv formatı, neft-qaz idxalının və ixracının inkişafı, investisiya mühitinin yaxşılaşdırılması üzrə qarşılıqlı tədbirlər və çoxşaxəli qarşılıqlı faydalı münasibətlərimizin bir çox digər aspektləri kimi mühüm məsələlərə toxunulub.

Hazırda çoxdan işlənib hazırlanan “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi qlobal layihələrdən tutmuş yerli, lakin çox təqdirəlayiq layihələrə, məsələn, Bakıda Yuri Qaqarinin abidəsinin qoyulmasına kimi, tamamilə konkret layihələr də müzakirəyə çıxarıldı. Bu isə bir daha onu təsdiq edir ki, ölkələrimizi təkcə strateji və iqtisadi maraqlar deyil, həm də ümumi tarixi yaddaş, mənəvi-əxlaqi dəyərlər birləşdirir.

– Rusiya və Azərbaycan regionları arasında əməkdaşlıq məsələləri də aktual olaraq qalırmı? PBİF-2024 çərçivəsində bu məsələlər qaldırıldımı?

– Əlbəttə. Bu gün Rusiyanın bir sıra regionları, məsələn, Həştərxan üçün Azərbaycan təkcə mühüm yox, həm də ticari-iqtisadi baxımdan əsas tərəfdaşdır, bunu hətta Forum çərçivəsində regionun qubernatoru İqor Babuşkin də növbəti dəfə vurğuladı. Həmçinin, Azərbaycan nümayəndə heyətinin üzvləri İnquşetiya, Dağıstan, Sankt-Peterburq rəhbərliyi ilə görüşdülər və görüşlərin hər birində əlaqələrin fəallaşdırılması, qarşılıqlı maraq doğuran yeni layihələr barədə danışıldı.

PBİF ilə yanaşı, ölkələrimizin regionlararası əməkdaşlığının inkişafına bütün səviyyələrdə müntəzəm qarşılıqlı diplomatik və işgüzar səfərlər, Rusiya-Azərbaycan regionlararası forumları və sessiyaları da öz töhfəsini verməkdədir. Xüsusilə, bu yaxınlarda Kazanın “Rusiya - İslam Dünyası” Beynəlxalq İqtisadi Forumunda Azərbaycan-Rusiya əməkdaşlığı üzrə dəyirmi masa və bir sıra ikitərəfli görüşlər keçirildi. Yeri gəlmişkən, bu tədbirlərdən birində Azərbaycan və Tatarıstan sənaye parkının yaradılması üçün böyük bir layihə elan edildi.

PBİF-2024 müzakirələrinin əsas mövzusu “çoxqütblü dünyanın əsası - yeni təkamül nöqtələrinin yaradılması” idi. Şübhəsiz ki, Rusiya və Azərbaycan üçün ən vacib “təkamül nöqtələrindən” biri də hərtərəfli əməkdaşlığın genişləndirilməsidir. Qarşıda bizi qarşılıqlı baxımdan faydalı böyük və birgə iş gözləyir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
azertag.az

1Источники