RU

Azərbaycanın teatr və kino sənətinin nümayəndəsi Hökümə Qurbanovanın bu gün doğum günüdür

Hökümə xanımı tanıyanlar onun sənəti və şəxsiyyəti haqqında çoxlu fikirlər söyləmişdir. Hökümə Qurbanovanın oynadığı rolların hər biri ayrıca yaradıcılıq məktəbi olmuşdur. Hər nə qədər illər keçsə də, aktirisanın yaratdığı obrazlar xalqın yaddaşından silinməmiş, dərin izlər buraxmışdır.



Keşməkeşli həyat yolu olan Hökümə xanım 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Böyük bəstəkar Müslüm Maqomayevin aktirisanın dayısı olmağı onun teatr sahəsində fəaliyyətinə səbəb olmuşdu. Uşaqlığının böyük bir qismini dayısının evində keçirən Hökümə Qurbanova sənətə vurğunluq, səhnəyə sevgini həmin vaxtdan duymuşdu.
ilk təhsilini Bakıdakı 38 saylı qız məktəbində alan Hökümə xanım sonra 33 saylı məktəbdə orta təhsilinə davam etmişdir. Bakı Pedaqoji Texnikumunu bitirən aktirisa Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Güclü musiqi yaddaşına malik olan Hökümə Qurbanova iki il fortepiano sinfində oxumuşdu. Təhsil aldığı dövrdə böyük dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilmişdir.
Hökümə Qurbanovanın teatıra ilk marağı dayısı Müslüm bəylə teatr tamaşsını izləməyi ilə başlayır. Onun teatra yaxınlaşmasına səbəb Ələsgər Ələkbərov və İşçi Teatrı ilə tanışlığı olur. Hökümə xanım çox gənc aktyorlar sırasında yer alsa da, öz istedadı ilə bütün diqqətləri üzərinə çəkməyi bacarmışdı. 1932-ci ildə Ələsgər Ələkbərovla ailə həatı quran Hökümə xanım İşçi Teatrı Gəncə şəhərinə köçürülməsi səbəbindən aktyorlarda gəncə şəhərinə köçürlər. Bir müddət burada fəaliyyət göstərən aktirisa sonradan Bakı şəhərinə geri qayıdır. Aktirisanın yaradıcılıq taleyi Akademik Dram Teatrı ilə başlayır. O, oynadığı rolları həyatda olduğu kimi canlandırmağı bacarır. Özü yaradıcılığından söhbət açarkən qeyd etmişdir ki, “Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar bir-birindən fərqlənir və seçilirlər”.
Tamaşalardakı rollarından Süleyman Sani Axundovun “Eşq və intiqam”ında Zöhrə, Səməd Vurğunun “İnsan”ında Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə Günəş, Anatoli Boryanovun “O tayda”sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında idi. Romantik-dramatik rollarından Gülbahar (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Xuraman (“Vaqif”, Səməd Vurğun), Afaq (“Nizami”, Mehdi Hüseyn), Oliviya (“On ikinci gecə”, Vilyam Şekspir), Cenevrə (“Dərin köklər”, Ceyms Qou və Arno D'Nyusso), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Nataşa (“Şərqin səhəri”, Ənvər Məmmədxanlı), Reyhan (“Cavanşir”, Mehdi Hüseyn) və müəyyən mənada Hermiona (“Qış nağılı”, Vilyam Şekspir) və digərlərini misal göstərmək olar.
Aktirisanı Azərbaycan Milli səhnəsinin misilsiz faciə aktirisası adlandıra bilərik. Coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar olan Hökümə xanım romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanmışdı.
Hökümə xanım “Qış nağılı”ndakı Germiona , “Nişanlı qız” da Bənövşə rolunu da çox gözəl oynamış, “Antoni və Kleopatra”dakı Kleopatra rolunu isə böyük istedadla yaratmışdı. Onun “Sənsiz” tamaşasındakı Sevinc rolunu teatrşünaslar yaradıcılığının zirvəsi adlandırırdılar. Aktrisa bundan əlavə “Azərbaycanfilm”in istehsal etdiyi “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq olarmı?”da Kəmalə xanım , “Mən rəqs edəcəyəm” kinolentində Mahmudun anası, “İnsan məskən salır”da Ana rollarına çəkilmişdir.
Aktirisanın şəxsi həyatındakı uğursuzluqları obrazların dolğun olmasını yaradan sanki səbəb idi. Ələsgər Ələkbərovla ayrıldıqdan sonra həyatındakı natamamlıq ona əzab verirdi. Sonra tale onu teatrın baş rəssamı Nüsrət Fətullayevlə qarşılaşdırdı. İkinci ailə həyatı quran aktirisa 25 ilə yaxın Nüsrət Fətullayevlə birgə ömür sürdü. Bu evlilikdən dünyaya gələn qızı Vəfa aktirisanın ailə bağlarını daha da möhkəmləndirdi. Hökümə xanım sənət yolunun davamçısı olan qızı Vəfa Fətullayevanın erkən dünyasını dəyişməsi aktirisanı ağır sarsıntıya saldı. Bu sıxıntıya dözməyən Hökümə xanım 1988-ci ildə ağır xəstələnərək Bakı şəhərində vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Qeyd edək ki, Hökümə Qurbanova fəaliyyəti dövründə iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Oynadığı uğurlu rollara görə aktirisa 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 24 may 1960-cı ildə Xalq artisti, 2 mart 1965-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Bu gün Azərbaycanının görkəmli aktirisası Hökümə xanım Qurbanova aramızda olmasa da, onun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
nuhcixan.az

1Источники