RU

Azərbaycanda əcnəbilərlə bağlanan qondarma nikahlar…

Yeni qanunun qəbulu ilə bu problemin qarşısını ala biləcəyikmi?

Qəbul edilən qanun və icra mexanizmləri sırf əcnəbilərə qarşı yönələcəksə, bu zaman atılan addımlar istədiyimiz effekti verməyəcək…

İyun ayının 7-də Milli Məclisdə əcnəbilərlə vətəndaşlarımız arasında bağlanan qondarma nikahlarla bağlı qanun müzakirə olundu. Qanunun əsas məqsədi qondarma nikahların qarşısını almaqdır. Hesab edirəm ki, problemin bu şəkildə qoyulması doğru addımdır. Açığı, əcnəbi şəxslərlə nikaha daxil olmaq məsələsi Azərbyacan cəmiyyətində həmişə müzakirə olunub.

Əsasən Paskistan, Banqladeş, Şri-Lanka və s. ölkələrin vətəndaşları ölkəmizdə qondarma və məqsədli nikahlara girərək Azərbaycanda qalma müddətinə qoyulan məhdudiyyələrdən yayınmağı bacarırlar. Azərbaycanda yaşama hüququ verən sənədlər olmadan, qeydiyyatsız yaşayan əcnəbilər vətəndaşlarımızla qondarma nikaha daxil olaraq gələcəkdə cəmiyyət üçün ağır problemlər formalaşdırırlar. Ölkəmizdə qalmaq hüququ olmayan xeyli sayda əcnəbilərin məhz bu üsuldan istifadə etməsi qanunlarda ciddi boşluqların olduğunu və bu istiqamətdə təxirsalınmaz addımların atılmasının vacibliyini önə çıxarır.

Amma qondarma nikahlar təkcə qanunsuz miqrasiya ilə bağlı Azərbaycan Respublikasının həyata keçirdiyi tədbrləri tozmozlamır, həm də əlavə və miqyası çox sürətlə böyüyən problemlərə yol açır. Məsələn, dələduzluq və qanunsuzluq (cinayətkarlıq) artır.

Bütün bu hallarla yanaşı, qondarma nikahların fəsadları cəmiyyətdə “hüquq çarəsizliyi” yaradır, gələcəkdə xüsusilə, qondarma nikahlıların mühüm hissəsi olan Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaq mümkünsüz hala çevrilə bilər.

Azərbaycan tranzit ölkədir və əcnəbilərin bu haldan istifadə edərək vətəndaşlarımızla qondarma nikahlara daxil olmasının qarşısının alınması mühüm məsələdir. Bu istiqamətdə qəbul ediləcək qanunun daha təkmil olmasını istəyiriksə, müxtəlif təcrübələrdən də istifafə oluna bilər. Məsələn, son illərdə Rusiya qondarma nikahlara xüsusi həssaslıqla yanaşır və əcnəbilərin Rusiya vətəndaşları ilə nikaha daxil olmaları ilə bağlı tələbləri daha da sərtləşdirib. Məsələn, 2020-ci ildə Bryansk vilayətində Rusiya vətəndaşı ilə saxta nikaha girmək istəyən azərbaycanlı məhkəməyə verilmişdi. Son 10 il ərzində Rusiya bu istiqamətdə çox ciddi addımlar atıb. Hətta qondarma nikahlara daxil olan əcnəbilər həbs oluna bilərlər. 2024-cü ilin aprel ayında Moskvada rusiyalı qadınlarla qondarma nikahlar təşkil edən dəstə aşkarlanmış və bu dəstənin bütün üzvləri həbs edilmişdi.

Bəlkə Azərbaycanda da qadınları pul müqabilində qondarma nikahlara sövq edən hansısa şəbəkə var, bilmirik…

Bəs, qondarma nikahlar necə müəyyən ediləcək? Tutaq ki, qanun var, bəs, icra mexanizmləri necə olacaq…

Təcrübə göstərir ki, qondarma nikahların müəyyən edilməsi ağır mexanizm tələb edir. Yenə də Rusiyaya istinad etsək, qondarma nikahların daha çox məhkəmələr vasitəsilə aşkarlana biləcəyi təcrübəsi ortaya çıxır. Məsələn, 2022-ci ildə Rusiya məhkəmləri qondarma nikahlarla bağlı 400 qərar qəbul edib.

Hesab edirəm ki, bu sual ətrafında düşünməliyik: Azərbaycanlı qadınları əcnəbilərlə qondarma nikahlar bağlamağa nə vadar edir?

Qondarma nikahlara daxildən yol açan səbəblər aradan qalxmayana qədər bu istiqamətdə qəbul edilən qanunun tətbiqi də “nəticə ilə mübarizə” aparamaqdan başqa heç bir işə yaramayacaq. Yəni kosmetik mübarizə…

Qondarma nikahların qarşısının alınması üçün ilk növbədə “daxili risk”lərin qarşısının alınmasının vacib olduğunu düşünürəm. Qəbul edilən qanun və icra mexanizmləri sırf əcnəbilərə qarşı yönələcəksə (xarici risk), bu zaman atılan addımlar istədiyimiz effekti verməyəcək.

Samir FEYRUZOV

Избранный
164
1
hurriyyet.az

2Источники