RU

Həzin sonluq: keşiş “radarlardan” itir – Paşinyanın isə sülh limiti bitir

Ermənistanda sərhədlərin delimitasiyası əleyhinə başlayan “xalq hərəkatı” öz məntiqi sonluğuna yaxınlaşır. Artıq sular durulub, “kimin əlinin kimin cibində olduğu” yetərincə dəqiqləşib.

Hərgah özünü etirazçıların lideri elan edən keşiş Barqat Qalstanyan özünü hələ ki, o yerə qoymur, iflasa uğradığının fərqində deyil. Əksinə, heç nə olmayıbmış kimi baş nazir Nikol Paşinyanı hədələməyə davam edir...

Nikolun isə vecinə deyil. İstirahətindən, gəzintisindən qalmır. Baqrat “istefa” deyib boğazını yırtanda o şəhərdə hətta velosiped sürür, velo-yarış təşkil edirdi. Çünki keşişi ciddi siyasi rəqib, təhlükə hesab etmir, erməni xalqının onun arxasınca getməyəcəyinə tam əmindir. Niyə?

1. Baqratın kukla kimi hansı dairələr tərəfindən ortaya atılıb oynadıldığını erməni toplumu da bilir.

2. Keşişin İQ göstəricisinin liderlik və ölkəyə rəhbərlik üçün yetərli olmadığı fikri “daşlaşıb”. O da bəlli olub ki, onun və arxasında duranların məğlub ölkəni böhrandan çıxarmaqdan ötrü hökumətlə müqayisədə daha realist proqramı yoxdur. Ümumiyyətlə yoxdur. Yalnız hakimiyyəti ələ keçirməkdir əsas hədəf. Tərəfdarların sayı həm də bu səbəbə bir ayda kəskin azalıb.

3. Erməni keşiş nəhayət, iqtidara qarşı sonuncu, zorakı mübarizə üsullarına çağırsa da, toplumdan yenə geniş dəstək almayıb. Ona görə ki, əksəriyyət Azərbaycanla qarşıdurma və müharibə arzulamır...

Buradaca yada salaq, etirazlar təzə-təzə başlayanda Qalstanyan baş nazirə ultimativ şəkildə 1 saat vaxt vermişdi. Üstündən bir ay ötür. Hakimiyyətdən nə istefaya gedən var, nə də güzəştə.

Az öncə isə Paşinyana 4 gün vaxt verildi. O da bitib. Paşinyan və komandası yenə öz yerindədir. Ultimatum isə lağlağı mövzusuna çevrilib. Çünki onu bir dəfə verərlər. İkincisi, üçüncü ultimatum artıq ultimatum deyil, hardasa acizlik və gündəmdə qalmağa hesablanmış uğursuz vasitəsidir.

Ultimatumu ciddiyə alınmayan “lider” isə siyasi meyit kimidir və səhnədən təcili çəkilib “radalardan itsə” yaxşıdır. Zatən həmin proses gedir...

Paşinyan beləcə səbir və təmkinlə keşiş rəqibini faktiki zərərsiz hala gətirib – Baqrata həm özünün, həm də erməni kilsəsinin cəmiyyət üçün nə dərəcədə qorxulu mahiyyət daşıdığını açmağa şərait yaratmaqla. Artıq keşişin qəmli qürubunu müşahidə etməkdəyik.

Baş nazirə qarşı köhnə bayatının oxunması bunun ayrı bir sübutudur. Nikol Paşinyan əleyhinə parlamentdə impiçment prosedurunu işə salmaq cəhdini deyirik.

Təbii ki, mümkün deyil. Məsələni gündəliyə salmaq belə radikal müxalifət üçün əlçatan görünmür. Ona görə ki, qanunverici orqanda mütləq səs çoxluğu hakim partiyadadır...

Ancaq sadalanan mühüm üstün şansa, münbit ictimai zəminə rəğmən, əfsus ki, Nikol Paşinyan da sözdən əmələ keçməyə - Bakı ilə yazılı sülh anlaşması yolunda gərəkənləri etməyə tələsmir. Zaman isə gedir, erməni xalqı üçün fürsət pəncərələri bir-bir bağlanır.

Söhbət ən əvvəl Ermənistanın müharibəyə əsas verən təxribatçı konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaqdan gedir. Ən etibarlı və optimal yolu referendumdur.

Doğru, bu məsələdə daxildəki və xaricdəki bütün opponentlər və düşmənlər Paşinayna qarşı vahid cəbhədə birləşəcək. Ancaq baş nazirin də əlində güclü “kozr” var – müharibədən çəkinən çoxluq. Hər halda keşiş Baqratın iflas olan hərəkatı bu qənaəti gücləndirib ki, zəiflətməyib.

Bu xüsusda yaxşı olar ki, Nikol Paşinyan heç olmasa, referendumdan öncə konstitusiyada Azərbaycana qarsı ərazi iddiasının qanunsuzluğunu təsbit etmək üçün Ermənistan Konstitusiya Məhkəməsinə müraciət etsin. Müsbət cavab cəmiyyətlə bağlı bir “nəbz yoxlanışı” və konstitusiya dəyişikliyi üçün uğurlu bir start olardı...

Əgər Nikol dediyi kimi, Azərbaycanla böyük sülhdə, barışıqda maraqlıdırsa, erməni xalqı üçün tarixi fürsəti düzgün qiymətləndirirsə və hakimiyyətin baqratlar daxil, “müharibə partiyası”na keçməsini istəmirsə, onda buyursun. Yoxsa ki, bizim üçün nə fərqi, Ermənistanı “mötədil” Paşinyan idarə edir, ya revanşist-qisasçı birisi.

Nikol aradakı fərqi bizə və dünyaya əyani sübut eləməlidir. Lap elə bu il. Söz oyunbazlığı limiti bitib. Yenisi olmayacaq!..

Zahid SƏFƏROĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
1
musavat.com

2Источники