RU

Millət vəkili: "Sülh müqaviləsi imzalansa belə, hüquqi qüvvəyə minməyə bilər, çünki..."

".. İstənilən yeni hakimiyyət Paşinyan tərəfindən imzalanmış müqavilənin əsas qanuna zidd olduğunu elan edər və tanımaz". 

"Prezident İlham Əliyev erməni psixologiyasını gözəl bilir, problemin köklü şəkildə həllini tələb edir".

"Problem ondadır ki, Ermənistanda ara qarışıb, "it yiyəsini tanımır".

Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib. Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir: "Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır". Digər tərəfdən, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində Azərbaycanın və Ermənistanın bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr gördüyünü deyib. Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində açıq şəkildə qeyd olunur ki, Azərbaycanın "Dağlıq Qarabağ" ərazisi Ermənistana birləşdirilməlidir. Daha sonra Ermənistan konstitusiyasında isə müstəqillik bəyannaməsinə istinad olunaraq, qeyd olunur ki, müstəqillik bəyannaməsində qeyd olunan vəzifələr erməni xalqı və dövləti tərəfindən həyata keçirilməlidir. Bu, açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ermənistan birinci növbədə bunu aradan qaldırmalıdır. Bəyannamənin ikinci hissəsində qeyd olunur ki, qondarma soyqırımı əsas gətirilərək, “Qərbi Ermənistan” adlandırılan Türkiyənin həmsərhəd əraziləri Ermənistana qaytarılmalıdır. Bu da Türkiyəyə ərazi iddialarının irəli sürülməsidir. İndiki şəraitdə Ermənistanın atacağı ilk addım müstəqillik bəyannaməsinə müvafiq və əlavə dəyişikliklərin edilməsidir. Bu məsələ ilə bağlı presedent də var. 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu. Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydaları müəyyən eydi. Ş.İrlandiyanın Konstitusiyasının 2 və 3 maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu.

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları təsbit olunub. Deputat vurğulayıb ki, konstitusiya hər bir ölkənin əsas qanunudur: 

"Parlament tərəfindən qəbul olunan bütün qanunlar və ali icra orqanının qərarları, fərmanları, sərəncamları, dövlətlərarası müqavilələr, konstitusiyaya uyğun olmalıdır. İndiki vəziyyətdə sülh müqaviləsi imzalansa belə, hüquqi qüvvəyə minməyə bilər. Çünki, istənilən yeni hakimiyyət, Paşinyan tərəfindən imzalanmış müqavilənin əsas qanuna zidd olduğunu elan edər və tanımaz. Prezident İlham Əliyev erməni psixologiyasını gözəl bilir. Tamamilə haqlı olaraq, konstitusiya dəyişiklərini, problemin köklü şəkildə həllini tələb edir. Ancaq, çətinlik ondadır ki, son ay yarım ərzində Ermənistanda ara qarışıb, "it yiyəsini tanımır". Konstitusiya dəyişikliyi üçün referendum keçirilməlidir. Referendumun keçirilməsinə mane olan xarici və daxili qüvvələr birləşməkdədir. Ermənistan hakimiyyəti hər şeydən əvvəl, radikal qüvvələri neytrallaşdırmalı, ictimai-siyasi sabitliyi bərpa etməlidir. Vəziyyət kifayət qədər kritikdir. Təsirli tədbirlər görülməsə, qan tökülə, xaotik hal ala bilər. Bir tərəfdən Qərbə, digər tərəfdən də Rusiyaya bağlı qüvvələr, bir-birinə güzəştə getmək istəmir. Belə bir vəziyyətdə ümumxalq səs verməsi real görünmür".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
258
1
sherg.az

2Источники