RU

Keçid balını toplaya bilməyən müəllimlərdən danışaq

Müəllim hər zaman bizim üçün müqəddəs varlıq olub. Məktəb illərində həmişə düşünmüşük ki, müəllimin bilmədiyi heç nə yoxdur. Bu səbəbdən də müəllimləri sevmişik. Onlara sayğı ilə yanaşmışıq.

Əslində illər öncə həqiqətən də düşündüyümüz kimi idi. Müəllim, sözün əsl mənasında, “müəllim” sözünü hərfi mənası ilə haqq edirdi. Ən ucqar kəndlərdəki məktəblərdə müəllimlər vardı ki, bütün kənd onları alim kimi tanıyır, məsləhət alır, hətta cavan yaşda olmasına baxmayaraq onlara ağsaqqal kimi baxırdı.

Bu gün eşidəndə ki, keçirilən sertifikasiya imtahanında 4 minə yaxın müəllim keçid balını toplaya bilməyib, böyük təəssüf hissi keçirməklə, dünənə baxmaqdan, xatırlamaqdan başqa çarə qalmadı.

Qeyd edək ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu ayın 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7296 müəllim iştirak edib. 7296 müəllimdən 4 minə yaxınının imtahandan yenidən keçə bilməməsi isə meydana suallar çıxarır.

Gəlin onlara sual verək və onlar da bizə cavab versinlər görək, indiyədək gələcəyimiz olan uşaqlara bəs necə təhsil verə biliblər? Bu gün ibtidai sinif proqramı səviyyəsində imtahandan keçə bilməyən müəllimin dərs verdiyi şagirdin bilik səviyyəsi hansı vəziyyətdədir, bunu düşünək.

Son 10 ilə yaxın dövrdə 200-250 balla ali məktəblərə qəbulu hər dəfə ziyalılar narazılıqla qarşılayanda, bu, aid qurumlar tərəfindən qulaqardına vurulurdu. Budur, nəticə, göz qarşısındadır. Digər bir tərəfdən isə sual yaranır ki, yaxşı, 4 minə yaxın müəllim bəs işə qəbul olunanda imtahanı necə veriblər? Onlar işə neçə qəbul olunublar. Bunu araşdırmaq lazımdır. Cavab verilməlidir ki, bu, necə ola bilib.

3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi... Biri uşaqlarımızın dünyagörüşünün, təhsilinin təməlini qoyan, digəri isə onlara doğma dilimizi öyrədən müəllimlər. Hər ikisi övladlarımızın yetişməsində çox vacib olan amildir. Lakin təəssüf ki, onlar belə bilikdə olan müəllimlərdən dərs alırmış.

Məlumata görə həmin müəllimlərdən apellyasiyaya müraciət edənlər də olacaq. Lakin düşünürəm ki, iki dəfə imtahandan keçə bilməyən müəllim apellyasiyaya müraciətlə əldə nə edəcəkdir. Hazırda həmin müəllimlərin sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlayıb.

Sertifikatlaşdırma imtahanları təhsil sistemində bir neçə il öncə tətbiq olunanda hamı bunun nəyə lazım olduğundan danışırdı. Yəni, qənaət belə idi ki, əlində ali təhsil haqqında diplom olan insanı yenidən imtahandan keçirmək nə dərəcə düzdür. Lakin görünür ki, yanılırmışıq. Təhsil sistemində sertifikatlaşdırma imtanlarının keçirilməsi çox doğru qərar imiş. Birincisi, ona görə ki, imtahandan müvəffəqiyyətlə keçənlərin əmək haqları artır, ikincisi isə müvafiq balı toplaya bilməyənlər məktəblərdən kənarlaşdırılır ki, bu da vətəndaşın xeyrinədir.

Digər suallar isə bunlardır: görəsən, bilik səviyyəsi olmayan abituriyentlərin az balla ali təhsil müəssisəsinə daxil olması hələ qarşıda neçə illər davam edəcək? Bəs bu 4 minə yaxın müəllim məktəblərə necə yol tapa bilib?

Maraqlıdır, cəmi ikicə sualın cavabı ilə məsələ gün kimi aydın ola bilər və təhsil sistemində bu qədər biabırçı halın qarşısı birdəfəlik alınar.

Deməli, islahat lazımdır. Həm də əməlli-başlı.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
21
sesqazeti.az

10Источники