RU

Yol nişanları, işıqforlar görünmür -AÇIQLAMA

Vaxtaşırı budanma işləri aparılmalıdır ki, ağac budaqları hərəkətə mane olmasın, təhlükəli vəziyyətlər yaranmasın

Bunu şəhər təsərrüfatına cavabdeh qurum görməlidir
 
 Ağac yarpaqlarının bəzi yollarda yol nişanlarının, işıqforun görünməsinə mane olmasıyla bağlı Xəzər TV-nin məlum süjetindən sonra qeyd edilən ərazilərdə budama işləri aparılıb. Xatırladaq ki, bəzi küçələrdə ağac budaqları və yarpaqlarının yol nişanlarının görünməsini əngəlləməsinin sürücülər üçün təhlükə yaratdığı süjetdə əksini tapıb. Qeyd edilib ki, paytaxtın bəzi küçələrində yol nişanları, işıqfor ağac budaqlarının arasında görünməz olub. Bu isə sürücülərə müəyyən çətinliklər yaradır: “Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar. Məsələ ilə əlaqədar Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Xəzər TV-yə bildirilib ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır. Həmin müraciət əsasında budanma işləri həyata keçirilir. Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir”.
 Problemi aktual edən təkcə yol nişanları və içıqforların “gözəgörünməzliyi” deyil. Həmçinin əlaqədar təşkilatların bu kimi problemlərlə bağlı kənardan müraciət gözləmələridir. Təkcə Yaşıllaşdırma Təsərrüfatı Birliyi deyil, təşkilatlar, qurumların bir çoxu vətəndaş müraciətlərini gözləyir, əllərini əllərinin üzərinə qoyub, “əhali, sakinlər müraciət etsin, məsələyə baxılsın”, deyirlər. Sanki bu qurumlar əhalidən şikayət və təkliflər alan bürodur. Hər neqativ halı, problemi, çatışmazlığı sakinlər - əhali görüb deyəcəksə, bəs bu qurumların fəaliyyəti nədən ibarətdir?..

 Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, paytaxtda şəhər inrfastrukturu ilə bağlı ortaya çıxan problemlər idarəetmədəki qüsurlardan qaynaqlanır:
- Yenə də problem mərkəzləşdirilmiş idarəetmə sisteminin olmaması, şəhər təsərrüfatına cavahdeh strukturların əlaqəli işləməməsidir. Yayımlanan süjetdə küçənin adı dəqiq çəkilir. Əbdüləzəl Dəmirçizadə küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsindəki işıqforun görüntüsünün ağac budaqları, yarpaqlar tərəfindən örtüldüyü göstərilir. İndiyədək bi problemi həmin yolla hərəkət edən, həmin yolda növbə çəkən yol-patrul xidməti, yol polisi görməyib? Mediadan əvvəl yol polisi bu məsələni qaldırmalıydı, çünki o ərazidə yol-nəqliyyat qəzası baş versə, ilk olaraq hadisə yerinə yol polisi gələcək. Yol polisi daim yollardadır və harada hansı problem var, harada görüntü məhdudlaşıb, harada işıqfor işləmir, yol nişanlarına ehtiyac olduğu halda yoxdur və ya düzgün qoyulmayıb, bunları yol polisi ilk olaraq görməli, qeydə almalı və aidiyyəti üzrə müraciət edib, nöqsanın aradan qaldırılmasını tələb etməlidir. Yollardakı təhlükəsizliyə, vətəndaşların rahat hərəkətinin təminatına birbaşa cavahdeh qurumlar var. Bu qurumlar məsələ qaldırmalıdır. Gözləyirlər ki, hansısa taksi şirkəti, ya da daşıyıcı şirkət müraciət etsin, sonra ağaclar budansın. Belə hallara şəhərdə tez-tez rast gəlinir. Avtobus səki kənarıyla hərəkət edir, dayanacağa yaxınlaşır və sair, ağac budaqları az qala avtobusun pəncərəsindən salona “girir”, pəncərə şüşəsini sıyırıb keçir. Bunu şəhər təsərrüfatına cavabdeh qurum görməlidir, vaxtaşırı budanma işləri aparılmalıdır ki, ağac budaqları hərəkətə mane olmasın, təhlükəli vəziyyətlər yaranmasın.

 V.Tofiqli qeyd etdi ki, yağışlı havalarda yaşanan problemlər də şəhər təsərrüfatına cavabdehliyin parçalanmasından yaranır:
- Yolu su basır, gözləyirlər ayrı-ayrı qurumlardan nümayəndə gəlsin, əraziyə baxış keçirilsin, hansısa digər qurumun razılığı olsun, sonra suyun nasosla çəkilməsinə başlansın.  O vaxta qədər hərəkət dayanır, hərəkət iflic olur, vətəndaşlar əziyyət çəkir. Uzun müddət sonra problem həllini tapır. Hesab edirəm ki, şəhər təsərrüfatına cavabdeh qurum rəhbər funksiyasını daşımalı, şəhər infrastrukturu ilə əlaqəli nə ki sahələr var, onlar üzrə şöbələr, idarələr bir qurumda təmsil olunmalıdır ki, koordinasiya çətin olmasın. Bir hadisə baş verdikdə, hansısa problemin aradan qaldırılması zərurəti yarandıqda fəaliyyət bir mərkəzdən idarə olunsun. Belədə problemlər qısa müddətdə həllini tapa bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
sherg.az

1Источники