RU

15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Daşkəsəndə dəyirmi masa təşkil olunub – FOTOLAR 

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid valideynləri və ailə üzvləri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov tədbir iştirakçılarını qarşıdan gələn Milli Qurtuluş günü münasibəti təbrik edib,xalqımızın həyatında bu günün böyük tarixi əhəmiyyəti və 1993-cü ildə ölkəmizdə yaranmış vəziyyətlə bağlı geniş məlumat verib. Bildirib ki, 31 il əvvəl Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycan xalqını, dövlətini və millətini parçalanmaqdan xilas etmişdir. Ulu Öndər 1993-cü il iyunun 15-də Milli Məclisin iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişafının yeni strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Beləliklə, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi Azərbaycanın varlığını, müstəqilliyini təmin etdi və bu, ölkə tarixində ən böyük nailiyyət oldu. Müstəqilliyin əldə edilməsi birinci şərt idisə, ikinci mühüm məsələ Ümummilli Liderin iradəsi sayəsində mümkün olan suverenliyin qorunub saxlanılması və inkişafı idi. O, Azərbaycan dövlətçiliyinin milli konsepsiyasını yaratmışdır. Xalqın öz rəhbərinə – Heydər Əliyevə sevgisi, dərin inamı, müstəqil ölkəmizin parlaq gələcəyinə ümidləri daha da gücləndirdi.Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişlərinin qarşısı alındı. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Vüqar Məmmədov qeyd etmişdir ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi.Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu gün biz qətiyyətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı müdrik Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilir.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndərin ən böyük arzusu Şuşanı, Qarabağı, Xankəndini və Zəngəzuru azad görmək idi.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, müdrikliyi, fenomenal idarəetmə bacarığı, cəsarəti və qətiyyəti ilə Azərbaycan Ordusu uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı azad etdi. İndi işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında Şanlı Bayrağımızın əzəmətlə dalğalanması, xalqımızın qalib xalq kimi dünyaya tanıdılması bizi hədsiz qürurlandırır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
Çıxış üçün söz alan Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev Ulu Öndər Heydər Əliyevin ölçüyəgəlməz tarixi xidmətləri barədə danışıb, Ümummilli Liderin dünya azərbaycanlılarının qəlbində silinməz izlər qoyduğunu qeyd edib, görkəmli dövlət xadiminin sərt və çətin sınaqlarından keçərək Azərbaycan xalqının istiqlal ruhunu sönməyə qoymayan dahi lider olduğunu vurğulayıb.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında vurğulayıb ki, ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunub. Ulu Öndərin bu müdrik addımı ilə ölkədə sosial-iqtisadi və siyasi inkişaf əldə olundu, dövlətimiz möhkəmləndi və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısı alındı. Meydanəli Yolçiyev həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi. Dahi Lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün müstəqil müasir Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərai bütövlüyünü tam təmin etmiş regionda müstəqil, güclü dövlətə çevrilmişdir.
Daşkəsən rayon Şəhid Anaları Xeyriyyə Mərkəzinin direktoru, şəhid anası Qızbəs Abbasova, Reyhan Ələkbərova və digərləri çıxışlarında bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. Xalqımız artıq dörd ildir ki, bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyevin olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.
Dəyirmi masa maraqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
50
moderator.az

10Источники