RU

“Bilməzdim ki, ikinci liqa bu qədər maraqlı olacaq” -Cavid İmamverdiyev artıq çəkidən əziyyət çəkir

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında bombardir adını 32 qolla “Şahdağ Qusar”ın hücumçusu Tural Qurbatov qazandı.

34 yaşlı Cavid İmamverdiyev isə mövsümü 19 qolla bitirdi. Onun şərəfini qoruduğu “Kür-Araz” 6-cı yeri tutdu. Və bu həftə İmişli təmsilçisində qəfil istefa yaşandı. Baş məşqçi vəzifəsindən istefa verən Ələmdar Mustafazadə “qeyri-peşəkar davranışı özümə yaraşdırmadığımdan klubdan ayrıldım. Çox yaxşı komanda formalaşdırmışdım. İmişlidə də azarkeşlər daha çox “Kür-Araz”ın oyunlarına gəlirdi. Sadəcə, belə alındı” deyərək bir növ rəhbərliyi günahlandırdı. Bununla yanaşı, klubun rəhbəri Mirheydər Səfiyevin futbolçuların maaşlarını ödəmədiyi iddiaları da dolaşır. Doğrudanmı, komandada belə problem var? Bununla bağlı bilgi almaq üçün Cavid İmamverdiyevlə söhbətləşdik. O, həm öz kariyerasından danışdı, həm də deyilənlərə münasibət bildirdi.
- Mövsümü başa vurduz. Maraqlıdı, transfer təklifləri varmı? Bu barədə nə yenilik var?
- Xeyr, mövsümü başa vursaq da, transfer təklifləri yoxdu. Olsaydı, daha gözəl olardı, çəkimə də fikir verərdim.

 - Son mövsümdə 2-ci liqada diqqəti çəkən futbolçulardan oldun, 19 qol vurdun.
- Premyer-liqadan əsla təklif almamışam. İndi də inanmiram ki, olar. Çünki çəkim orda oynamağa imkan vermir. Artıq çəkiylə bağlı əziyyət çəkirəm.

- Bir vaxtlar “Sumqayıt” və “Neftçi” kimi klublarda forma geymisən. Hər iki klubun hazırkı nəticələri barədə nə deyərdin?

- Hər iki klub mənə doğmadı. Nəticələrini izləmişəm. Bu il “Sumqayıt” üçün çox uğurlu oldu. Ən əsası Avropada bizi təmsil edəcəklər. Həmişə ürəyi “Neftçi” ilə döyünən biri kimi nəticələri hər birimizi üzdü. Bütün “Neftçi”sevərlər bu mövsüm məyus oldu. Ümid edirəm ki, bu çətin vəziyyətdən çıxarlar. Növbəti mövsüm tam başqa “Neftçi” görmək istəyirik.

- Elitada çıxış edəndən sonra 2-ci liqada mübarizə aparmaq necə hissdi?
- Karyeram boyunca həm elitada, həm də aşağı liqada oynamışam. Hazırda 2-ci liqada çıxış edirəm. Burda mübarizə aparmaq mənə fərqli təcrübə bağışladı. Və pis deyil, xoş təəssüratlarım var. Bilməzdim ki, ikinci liqa bu qədər maraqlı olacaq. Elitada bayaq dediyim kimi, oynaya bilmirəm. Bunu qəbullanaraq da yoluma baxıram.

- ”Kür-Araz”ın baş məşqçisi Ələmdar Mustafayev istefa verdi. Həm də açıqlamasında “qeyri-peşəkar davranışı özümə yaraşdırmadım” dedi. Buna münasibətin?
- Bu sualın üzərindən keçirəm. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.

- Futbolçuların maaşlarının verilmədiyi deyilir. Sən maaşını almısanmı?
- Futbolçuların maaşlarının verilməməsinə inanmıram. Çünki bizim rəhbərlik - Mirheydər Səfiyev və Ramiz müəllim əlindən gələni edib, mən daxil həmişə futbolçuların yanında olublar.

- Gələn mövsüm də İmişlidə qalmaq fikrindəsən?

- Qarşıdan gələn mövsümdə də “Kür-Araz”da forma geyməyi düşünürəm. Planlarım bura ilə bağlıdı.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
football-plus.az

1Источники