RU

“Məgər bu, küçə komandasıdımı?” -Yaşar Sultanov “Turan Tovuz” haqda belə dedi

Ayxan Abbasovun “Turan Tovuz”dan gözlənilməz şəkildə ayrılması hər kəsi təəccübləndirdi.

Çünki onun “sükan arxasında” olduğu son iki mövsümdə komanda pis təsir bağışlamamışdı. Buna baxmayaraq, futbolda hər şeyin baş verməsi mümkündü. Doğrudu, bəlkə də indiki reallığa görə Abbasov “Turan Tovuz” üçün ən ideal çalışdırıcı idi. Amma buna sentimental yanaşma da düzgün deyil. Bir baş məşqçinin klubdan ayrılması nə dərəcədə böyük problemdi? Təbii ki, müəyyən çatışmazlıqlar olacaq. Lakin heç bir futbolçu və ya məşqçi klubdan üstün deyil. Dünya futbolunda da belə örnəklər çoxdu. Bir sözlə, kimsə əvəzolunmaz deyil. Maraq doğuran məqamlardan biri isə Abbasov ayrılandan sonra klubda xaos olacağı və futbolçuların da onun ardınca “Turan Tovuz”dan gedəcəyi ilə bağlı xəbərlərin yayılması idi. Reallıq odu ki, klubda heç bir qeyri-adi hadisə baş vermir. Əvəzində vaxtı bitmiş futbolçular klubla müqaviləsini yeniləyir. Bir sözlə, hər şey olması gərəkən kimi davam edir. Bəs tüğyan edən xaos xəbərləri nə idi? Doğrudanmı, bir baş məşqçinin gedişi komandanın çöküşünə səbəb olacaq? Klub rəhbərliyi Ayxan Abbasovun əvəzinə bir çalışdırıcı gətirə bilməyəcəkmi? Mövzuyla bağlı fikirlərini öyrənmək üçün tovuzlu futbol adamı, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanovla danışdıq:
“Ayxan Abbasovun “Turan Tovuz”dan qəfil ayrılması aydın səmada ani şimşək çaxması təsiri bağışladı. Həqiqətən də gözlənilməz qərar idi. Şəxsən mənim üçün də belə oldu. Ancaq bu futboldu və belə hadisələr olur. Məgər azmı görmüşük? Ola bilsin, iki nəfər arasında olan razılaşmanın hansısa mərhələsində fikir ayrılığı yaranıb. Yəni belə şeylər mümkündü. Fəqət doğrusu, mən medianın bəzi xəbərlərinə məəttəl qaldım. “Batmış gəmi”, “Turan Tovuz”un sonu”, “Növbəti il 1-ci liqaya düşər” kimi daha bir neçə belə fikri başa düşmədim. Məgər bu, küçə komandasıdımı? Bu barədə bir neçə dəfə iradlarımı bildirmişəm. Yəni gəmi niyə batır? Nə olub? Bir oyunçunun zədə alması və uzun müddət komandadan ayrı düşməsi, ayrılması kluba daha çox təsir edər, nəinki məşqçinin ayrılması. Qəfil məşqçi dəyişikliyi az olub? Şükürlər olsun ki, bizim komandalarımızdan bəziləri bir mövsümdə iki məşqçi dəyişikliyi edib. Burda qeyri-adi, faciəvi nəsə yoxdu. Həmçinin başqa klublarda baş məşqçi dəyişikliyini çox adi şəkildə qarşıladılar, ancaq “Turan Tovuz”da bunu faciə kimi qələmə verdilər. Belə yanaşmanı qeyri-peşəkarlığın təzahürü kimi başa düşürəm. Dünən də bir xəbər oxudum ki, “Turan Tovuz”un baş məşqçi postuna namizədlər arasında Şota Arveladze də var. Yəni çalışdırıcı çoxdu. Yerli yoxdusa, əcnəbi olacaq. Bəlkə də başqa məşqçinin gəlişi komanda üçün yeni nəfəs olacaq. Bütün hallarda rəhbərlik tərəfindən ən optimal qərar qəbul olunacaq. “Turan Tovuz” eksperiment yeri deyil. Burda sadəcə, soyuq başla düzgün qərar qəbul edilməsi gözlənilir. İnanıram ki, bu da qarşıdakı yaxın günlərdə olacaq. Klubun strategiyası, planları böyükdü. Vacibdi ki, sözügedən planlar icra olunsun, olunmalıdı və olunacaq da. Özüm də bir tovuzlu, klubun idarə heyətində rəhbər vəzifə tutan şəxs kimi tovuzlu azarkeşlərdən komandaya bütün dəstəklərini vermələrini istəyirəm. Bunun nəticəsində də komanda nüfuzunu daha da gücləndirməli və qorumalıdı. Həmçinin ölkə futbolunda layiqli şəkildə öz sözünü deməlidi. Bunu gözləyirik. Əsas da odu ki, növbəti illərdə gənc yerli futbolçuları “Turan Tovuz”un heyətində meydanda görəcəyik. Sadəcə, bütün bunlar üçün zaman lazımdı. Klubda hansısa xaos yoxdu. Aparıcı legionerlərimizin hamısı yerindədi. Digər komandalar kimi “bozqurd” da yeni oyunçular axtarışındadı. Çox güman, yaxın vaxtlarda eşidiləcək. Artıq komandaya gələnlər var və daha perspektivli futbolçular cəlb olunacaq. Sadəcə, kiminsə getməsi və ya qalması bütün dünya komandaları üçün labüd haldı”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
130
football-plus.az

1Источники