RU

Avropa Kubokuna çıxan millilərimizin 7 rəqibi məlumdur: Daha 4-ü bu ay bilinəcək

3x3 basketbolu üzrə Avropa Kubokuna vəsiqə qazanan kişi və qadın millilərimizin rəqiblərindən bəziləri bilinib.

Prosport.Az-ın xəbərinə görə, Kosovonun paytaxtı Priştinada keçirilmiş təsnifat mərhələsinin qalibi olmaqla Avropa Kubokuna vəsiqə qazanmış kişi və qadın yığmalarımızın artıq 7 rəqibi bəllidir. Bu komandalar aşağıdakılardır:

Kişilər – Avstriya (meydan sahibləri), Serbiya (ötənilki yarışın qalibləri), Litva, Niderland, Fransa (reytinqlə vəsiqə qazanıblar), İspaniya, Xorvatiya (Danimarka təsnifat mərhələsinin finalçıları)
Qadınlar – Avstriya (meydan sahibləri), Niderland (ötənilki yarışın qalibləri), Fransa, Almaniya, Macarıstan (reytinqlə vəsiqə qazanıblar), İspaniya, İtaliya (Danimarka təsnifat mərhələsinin finalçıları)

Komandalarımızın daha 4 rəqibi 15-16 iyunda Slovakiyanın paytaxtı Bratislava və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək təsnifat mərhələsindən sonra bilinəcək. Hər iki yarışın yarımfinalının qalibləri (finalçılar) Avropa Kubokuna vəsiqə qazanacaq. Bəs həmin 4 komanda hansı yığmalar ola bilər?

15-16 iyun 
Bratislava (Slovakiya) təsnifat mərhələsi
Kişilər – Slovakiya, Polşa, İsveçrə, Ukrayna, Türkiyə, Estoniya, Almaniya, Bolqarıstan
Qadınlar – Slovakiya, Polşa, İsveçrə, Ukrayna, Türkiyə, Estoniya, Litva

15-16 iyun
Buxarest (Rumıniya) təsnifat mərhələsi
Kişilər – Rumıniya, Latviya, İsrail, Sloveniya, Yunanıstan, Böyük Britaniya, Gürcüstan, Monteneqro
Qadınlar – Rumıniya, Latviya, İsrail, Sloveniya, Yunanıstan, Böyük Britaniya, Gürcüstan

Qeyd edək ki, Avropa çempionatı statusunda olan və 12 komandanın iştirakı ilə təşkil olunacaq Avropa Kuboku 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada keçiriləcək. İndiyədək 2014-cü ildən etibarən 8 belə yarış baş tutub. Kişi millimiz 2022-ci ildə Avstriyanın Qrats şəhərindəki Avropa Kubokunda debüt edib. Komandamız həmin vaxt D qrupunda Niderland və Belçikaya uduzaraq sonuncu olmuşdu. Qadın millimiz isə bu dəfə debütant qismində çıxış edəcək.

Səbuhi Musa

Избранный
133
prosport.az

1Источники