RU

Böyük potensial Türk dünyasının inkişafı üçün kifayət qədər əlverişli şərtlər formalaşdırıb -Soltan Məmmədov

“Azərbaycan Türk dünyasının birliyinə çox mühüm töhfələr verir. Bu, həm türkdilli ölkələrlə ikitərəfli, həm də çoxtərəfli münasibətlər kontekstində əlaqələrin gücləndirilməsini nəzərdə tutan strateji istiqamətlərdən biridir”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, türkdilli ölkələr arasında münasibətlərin inkişafı yalnız ortaq etnik-mədəni köklərə bağlılıqla əlaqədar deyil, ümumi geosiyasi və iqtisadi maraqlara əsaslanır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA-nın nümayəndə heyəti ilə görüş zamanı da vurğuladı ki, xarici siyasətimizdə Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub. Bu Azərbaycanın seçimidir. İndiki mürəkkəb dünyada, ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq münasibətlərin xarakterinin dəyişdiyi bir dövrdə xarici siyasət strategiyası yalnız praqmatik hesablamalara əsaslanmalıdır. Bu baxımdan, Azərbaycan formalaşmaqda olan yeni dünya düzənində öz yerini və rolunu kifayət qədər dəqiq müəyyənləşdirib”.

S. Məmmədov qeyd edib ki, bu gün dünyada mövcud olan çoxsaylı birlik və əməkdaşlıq modelləri bəzi hallarda bütün iştirakçı dövlətlərin maraqlarını deyil, yalnız ayrı-ayrı güclü ölkələrin mənafelərini reallaşdırmaq mexanizmi kimi istifadə olunur. Azərbaycan isə öz milli maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran güclü dövlətdir və tamamilə müstəqil siyasət yürüdür: “Azərbaycanın xarici siyasət strategiyasının əsas prinsiplərindən biri dövlət müstəqilliyinin, suverenliyinin qorunması və möhkəmləndirilməsidir. Müasir beynəlxalq münasibətlər sistemində bəzi ölkələrin müstəqilliyini və təhlükəsizliyini təhdid edən proseslər baş verir və nəticədə müstəqil siyasət yürüdə bilməyən ölkələr beynəlxalq hüququn subyektindən onun obyektinə çevrilməyə başlayır. Azərbaycan isə müstəqil siyasət yürütməyə və bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət, bərəbərhüquqlu əməkdaşlıq əsasında qurmağa üstünlük verir”.

Deputat bildirib ki, türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi ümumilikdə Türk dünyasının iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türk dünyası böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. S. Məmmədov hesab edir ki, bu potensial Türk dünyasının inkişafına nail olmaq üçün kifayət qədər əlverişli şərtlər formalaşdırıb.

Yaqut Ağaşahqızı “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
1
ikisahil.az

2Источники