RU

Benni Qants partiyasının İsrail hökumətindən çıxdığını elan etdi


İsrailin müdafiə naziri Benni Qants rəhbərlik etdiyi mərkəzçi “Dövlət Düşərgəsi” partiyasının koalisiya hökumətindən çıxdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə xüsusi çağırılan mətbuat konfransı zamanı bildirib.
Qants Baş nazir Benyamin Netanyahunu ölkədə növbədənkənar seçkilərin tarixini razılaşdırmağa dəvət edib.
“Biz koalisiya hökumətini tərk edirik. Növbədənkənar seçkilərin tarixini razılaşdırmaq vaxtıdır”, - deyə o, Nazirlər Kabinetinin rəhbərinə müraciət edərək əlavə edib.
Qantsın partiyası hökuməti tərk etdikdən sonra Netanyahunun koalisiyası 120 yerlik Knessetdə (parlamentdə) çoxluğa (64 yer) nəzarəti davam etdirir.
Qeyd edək ki, hələ mətbuat konfransı bitməmiş Baş nazir Benyamin Netanyahu Qantsın bəyanatına cavab verib və Knessetdəki digər partiyaları koalisiya hökumətinə qoşulmağa dəvət edib.
“Qapımız düşmənlərimizi məğlub etmək və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək istəyən hər bir partiyaya açıq olacaq”, - deyə Netanyahu “X” səhifəsində yazıb.
“İsrail bir neçə cəbhədə ekzistensial müharibə aparır, buna görə də, indi kampaniyadan əl çəkməyin yox, gücləri birləşdirməyin vaxtıdır”, - baş nazir davam edib.
Qeyd edək ki, aprelin 3-də Qants hökuməti parlamentin buraxılması ilə bağlı razılığa gəlməyə çağırıb ki, seçkilər bu ilin payızında keçirilsin. Mayın 18-də isə o, Netanyahunun iyunun 8-dək Qəzza zolağında müharibədən sonrakı nizamlanma planını təqdim etməyəcəyi təqdirdə istefa vermək niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl İsrail kabinetinin bir hissəsi olaraq Qants 2020-2022-ci illərdə müdafiə naziri vəzifəsində işləyib, ancaq Netanyahunun “Likud” partiyasının rəhbərlik etdiyi koalisiyanın qalib gəldiyi son seçkilərin nəticələrinə görə müxalifətə keçib. Qəzza zolağında hərbi əməliyyatların başlanmasından və 2023-cü ilin oktyabrında İsraildə hərbi vəziyyətin tətbiqindən sonra Qants Netanyahunun Nazirlər Kabinetini dəstəkləyib və portfelsiz bir nazir olaraq genişləndirilmiş hökumətə daxil olub.
Избранный
90
yeniavaz.com

1Источники