RU

“Açığı, daha yüksək nəticə gözləyirdik” – Güləş Federasiyasının mətbuat katibi

Azərbaycan Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirində 5 sərbəst güləşçi ilə təmsil olunurdu.

Onlardan Maqomedxan Maqomedov gümüş, Hacı Əliyev isə bürünc medal qazandı. Bu nəticə nə dərəcədə qaneedicidi? Görəsən, daha kimdən medal gözlənilirdi, ancaq olmadı? "Football-plus.az"ın bu suallarını Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı cavabladı:

"Açığı, daha yüksək nəticə gözləyirdik. 5 güləşçi getsə də, onlardan dördü güləşdi. Son anda Giorgi Meşvildişvili iştirak etmədi. Turan Bayramovdan medal gözləsək də, qazanmadı. Əliabbas Rzazadə müəyyən qədər zədəyə və hakim haqsızlığına görə medalsız qaldı. Yarımfinalda zədələndiyi üçün bürünc medal uğrunda görüşdə iştirak etmədi. Hacı Əliyev “bürünc”lə kifayətlənsə də, daha yüksək əyarlı medal qazana bilərdi. Düşünürdüm ki, Maqomedxan Maqomedov çempion olacaq. Lakin səhhətində problem yarandığı üçün finalda iştirak etmədi. Bu yarışda iştirak etməyən, Olimpiadada iştirak şansı olan digər güləşçilərimizi qarşıda Polşa turniri gözləyir. Kimlər ki iştirak edirdi, bu, onlar üçün Olimpiada ərəfəsində son yarış oldu. İndi isə rahat şəkildə Olimpiadaya hazırlaşa bilərlər. Bu yarış reytinq qazanmaq üçün önəmli idi. Reytinq də ona görə vacibdi ki, Olimpiadada püşkatma zamanı baxılır, reytinqi yüksək olan idmançılar daha yaxşı səbətdə yer alır. Artıq qarşıdakı ayyarımlıq müddətdə tam güclə Olimpiadaya hazırlaşmaq olar".


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
football-plus.az

1Источники