RU

Alen Simonyan niyə havalanıb? -ŞƏRH

Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı  danışıqlar davam edir.  Hətta 2,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Üstəlik, iki ölkə arasında sülh sazişi sənədində bir çox məsələlərin razılaşdırıldığı rəsmi şəkildə bəyan olunub. 

Buna baxmayaraq son günlər Ermənistan hökuməti və parlament rəhbərliyi Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn bəyanatlar da verir. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin həm beynəlxalq hüququn tələbindən, həm də sülh prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları rədd edib, “etnik təmizləmə”, “soyqırımı” kimi qəbulolunmaz ifadələrlə Azərbaycanı ittiham etməyə cəhd göstərib. Halbuki, Azərbaycan indiyə qədər hayları nə etnik təmizləməyə məruz qoyub, nə də onlara qarşı soyqırımı həyata keçirib. 

Amma “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda həm Ermənistanın, həm də Azərbaycanın ərazilərində soydaşlarımıza qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Təkcə bir faktı xatırladaq ki, ötən əsrin sonlarında hayların həyata keçirdikləri etnik təmizləmə nəticəsində Ermənistanın müxtəlif bölgələrdən 250 mindən çox azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovulub. Bu gün dünyanın nadir ölkələrindən biri kimi Ermənistan monoetnik bir respublikadır. Onlar Xocalıda, Başlıbeldə, Meşəlidə, Qaradağlıda, Ballıqayada minlərlə azərbaycanlını soyqırımına məruz qoyublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalıda 613 nəfəri qətlə yetiriblər. Erməni faşistləri, həmçinin 30 il işğal altında saxladıqları ərazilərimizəki dini, mədəni, tarixi abidələri yer üzündən siliblər.

Yəqin bütün bunlardan Simonyanın da xəbər var… Şübhəsiz, belə diletan və gülünc açıqlamalarla Alen Simonyan Ermənistanın “Qafqazın ən demokratik ölkəsi” olduğunu sübut etməyə çalışır. Görünür, Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasının olduğunu bildirməklə yanaşı, “Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil” fikrindən sonra Ermənistan parlamentinin sədri Alen Simonyan əməlli-başlı havalanıb. Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı həmin görüşdə, həmçinin aşağıdakı fikirləri də bildirmişdi: “Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir”. Ermənistan parlamentinin sədri Alen Simonyanın simasında bu fikirlərin nə qədər doğru olduğu açıq-aydın görünür.  

Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında bildirildiyi kimi, halbuki, Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi daxil olmaqla onların hüquqlarının bərpa edilməsi üçün çalışmalıdır. 

Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həm Ermənistanın, həm də Azərbaycanın konstitusiyalarında iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olmasına maneələr törədən müddəalar olduğunu bildirmişdi. Şübhəsiz, onun bu sayıqlaması  beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Çünki Ermənistanın konstitusiyasından və digər qanunvericilik aktlarından fərqli olaraq, Azərbaycanın heç bir qanunvericilik aktında qonşu dövlətlərə qarşı ərazi iddiası əksini tapmayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
ikisahil.az

1Источники