RU

Müharibənin son saatlarında şəhid oldu - 18 yaşlı qəhrəmanın hekayəti 

Vətən müharibəsi başladğı gün silaha sarıldı. Qələbə üçün vuruşdu. Müharibənin sonuna kimi vuruşdu. Son nəfəsinə kimi vuruşdu. Amma düşmənin basıldığını, ağ bayraq qaldırdığını görmədi. Bu tarixi xoşbəxtliyi görməyə ömrü çatmadı. Müharibənin başa çatmasına cəmi bir neçə saat qalmış şəhid oldu Ağacan... 

Ağacan Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. 

Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ömrü qısa olsa da döyüş yolu zəngindir. Ayağı ilə od ayaqlayıb Ağacan. Düşmənə qan ududrub 18 yaşlı şəhidimiz. 

Araşdırmaçı-jurnalist Aydın tağıyev ötən il Ağacanın ailə üzvləri ilə görüşüb. Şəhidin atası Zakir Cəbrayılov onunla söhbət zamanı üç övladının olduğunu deyib: "Böyük övladım Sədi birinci qrup əlildir. Serebral iflic xəstəliyindən əziyyət çəkir.. Qızım Ləman iə anadan gəlmə gözdən əlildir. Ağacan da Vətən uğrunda şəhid oldu".

Şəhidin anası Cəbrayılova Aybəniz xanım deyib ki, oğlum həmişə deyirdi ki, əsgər gedib - gəlim, hər şeyi özüm edəcəyəm:

"Qardaş, bacımı həkimə aparıb, müalicə etdirəcəyəm. Anamı villada yaşadacağam. Zirək, zəhmətkeş uşaq idi. Heç vaxt işdən qorxmazdı. Hərbiyə gedəndə istədiyi qız vardı. Dedi ana, mənim gəlməyimə 25 gün qalmış elçi gədərsən... 

Qardaşını boynunda aparardı kafe, restorana, çox sevirdi bacı, qardaşını. Çox mərd uşaq idi. Atası burda olmayanda qarğıdalı satıb pul qazanırdı. O, çox bağlı idi ailəmizə, atasını, anasını çox sevirdi. Gedib metal yığıb satardı. Hər dəfə dostlarını bura çağırardı. Hələ də mən onun yoxluğuna inana bilmirəm...

Şamaxı Rayon Regional Kollecində meşə təsərrüfatında oxuyurdu. Təhsilini dondurub, getdi əsgərliyə. 1 manatın üstünə ürək sözlərini yazıb mənə yollamışdı. Əvvəl Sarıcalıda, daha sonra Papaninə gətirilib.

Bizə zəng etdilər ki, bəs Ağacanın nəyisiniz? Dedim, anasıyam. Daha sonra qardaşımgil getdilər Papanin hospitalına. Gətirdilər balamın nəşini..."

Şəhidin atası deyir ki, Moskvada işləyirdim, gəldim çatdım ki, balam şəhid olub:

"Ağacanın adına Şamaxı şəhərində küçə var, 2 nömrəli məktəbdə və Sabir adına orta məktəbdə isə sinif otaqları var.

Mən 20 il Rusiyada olmuşam, torpaqlar azad olan günə qədər biz utanırdıq. İndi isə alnımız açıq, üzümüz ağıdır. Mən öz şəhid oğlumla fəxr edirəm!" 

Komandirləri, döyüşçü dostları da onunla fəxr edir. Çünki Ağacan çox qanlı döyüşlərdə iştirak etmişdi. Həmişə də öndə, düşmənlə üz-üzə, nəfəs-nəfəsə olmuşdu. Cəmi 18 yaşı olsa da, döyüşdən-döyüşə böyümüş, püxtələşmişdi... 

Ağacan əvvəl bir evin, bir ailənin övladı idi. Amma indi Azərbaycan xalqının oğludur. İndi onu hamı tanıyır, fəxr edir. Keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərə örnək olacaq. Ağacan haqda şeirlər yazılacaq, mahnılar bəstələnəcək. Vətən bu igid oğlunu heç vaxt unutmayaacq. 

Axı qəhrəmanlar unudulmur... 

A. Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
yenisabah.az

1Источники