RU

Büdcədə neftin qiyməti artırılır: Hansı riskləri var?

İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilir. Başqa sözlə desək, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılması nəzərdə tutulur. Xatırladaq ki, hazırda büdcədə neftin bir barelinin qiyməti 60 dollardır. Bəs büdcədə neftin qiymətinin artırılması iqtisadiyyatımız üçün risklər yaratmırmı? İlin ikinci yarısında dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən aşağı düşərsə, nə edəcəyik?

Son günlər neftin qiyməti azalıb

İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, son vaxtlar dünya bazarında neftin qiyməti əsasən siyasi səbəblərə görə dəyişir: “Neftin qiymətini proqnozlaşdırmaq çox çətindir. Dünyanın aparıcı şirkətləri də neftin qiymətini proqnozlaşdırmaqdan çəkinirlər. Bunun əsas səbəbi təkcə iqtisadi faktorlar deyil. Burada həm də siyasi amillər mövcuddur. Bu amillər neftin qiymətinə təsir göstərir. Hazırda “Brent” markalı neftin qiyməti 77 dollardır. Son günlər neftin qiymətinin azalmasını müşahidə etmişik. Amma ilk beş ayın yekunlarına görə, “qara qızıl”ın qiyməti yüksək olub. Bu da illik olaraq neftin orta qiyməti ilə bağlı müəyyən proqnozlar verməyə imkan yaradır. Amma növbəti dövrdə də qiymətlər daha çox qlobal və regional dəyişikliklərdən asılı olacaq. Neftin qiymətində həmişə risk mövcuddur. Proqnozlaşdırma zamanı bu riskləri nəzərə almalıyıq”.

Mövcud qlobal və regional statistika qorunub saxlanarsa...

V.Bayramov neftin büdcə qiymətinin artırılmasının məqsədlərindən də danışdı: “Əsas məqsəd daha çox gəlirlərin büdcə vasitəsilə bölüşdürülməsi, işğaldan azad olunmuş ərazilərimizin, Qarabağ və Şərqi Zəngəzurun bərpası, milli təhlükəsizliyimizin daha da gücləndirilməsinə ayrılan vəsaitlərin artırılmasıdır. Bu, xüsusən də işğaldan azad olunmuş ərazilərin bərpası işlərinə müsbət təsir göstərəcək. Ümumiyyətlə, 2024-cü illə bağlı proqnoz ondan ibarətdir ki, əgər mövcud qlobal və regional statistika qorunub saxlanarsa, o zaman neftin qiyməti hər barel üçün 70-80 dollar intervalında olacaq. Amma qlobal siyasətdə müəyyən dəyişikliklər baş verərsə, bu zaman neft bazarında volatillik arta bilər”.

Neft qiymətləri təhdid altına düşür

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev isə qeyd etdi ki, hazırda dünya neft bazarlarında qeyri-müəyyənlik davam edir: “OPEC+” üzvü olmayan ölkələr neft bazarında tarazlığı nisbətən saxlamaq üçün hasilatı kifayət qədər artıraraq, təşkilata ixtisarları aradan qaldırmağa yer qoymur. Paralel olaraq İranda neft hasilatı gözləntilərin əksinə olaraq artır. BƏƏ təyin edilmiş hasilat tavanından əlavə kvota əldə edir. Rusiya və İraq onlar üçün təyin edilmiş kvotadan əlavə neft hasilatına yol verir ki, bu da bazarın tənzimləməsinə əngəllər yaradır. Paralel olaraq stasionar və üzən anbarlarda neft həcmləri gözləniləndən yüksək olaraq qalır. Tək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin aktivində neft və neft məhsullarının həcmləri dörd milyard barel civarında dəyərləndirilir. Çinin strateji və kommersiya təyinatlı neft ehtiyatları 1,5 milyard barel səviyyəsindədir. Belə olan təqdirdə neft bazarının tənzimlənməsində problemlər yaşanır və qiymətlər təhdid altına düşür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
6
publika.az

6Источники