RU

Erməni kilsəsi vergi verəcək

Paşinyan kilsəni zərərsizləşdirməyin yollarını tapıb

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılığın əldə olunması və Qazax rayonunun 4 kəndinin geri qaytarılması erməni cəmiyyətində revanşist qüvvələri fəallaşdırıb. Bu qüvvələr vəziyyətdən sui-istifadə edərək Paşinyan hakimiyyətini devirməyə çalışırlar. Etiraz aksiyalarına Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri olmuş  arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Keşiş Baqrat baş nazir vəzifəsinə namizədliyini irəli sürdüyü üçün dini vəzifələrini “dondurub”.  

Keşiş mayın 27-də Ermənistanda vətəndaş itaətsizliyi elan etsə də, polis iğtişaş törədənlərə qarşı sərt tədbirlər gördü, xeyli sayda etirazçı həbs olundu. Artıq etiraz aksiyaları getdikcə zəifləyir, Baqratın çağırışına əməl edənlərin sayı da azalır. Keşişin çağırışı ilə İrəvanda bir sıra küçələr, o cümlədən magistral yollar bağlanılsa da, polis qısa zamanda yolların açılmasını təmin edib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan hazırda ölkə müxalifətinin “birinci siması” kimi görünən keşiş Baqrat Qalstanyanla görüşməkdən də imtina edib və bu barədə suala zarafatla cavab verib: “Vətəndaşlarla və müxtəlif insanlarla görüşlər keçirirəm, mənimlə görüş prosedurları var, mənimlə görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu pulsuz edə bilərlər”.

Bununla belə, keşiş Baqrat, bütövlükdə isə erməni kilsəsi Paşinyan hakimiyyəti üçün başağrısı olaraq qalır. Çünki erməni keşiş regionlarda da etiraz aksiyalarını davam etdirməyə çalışır, əhalini iyunun 9-a təyin olunmuş mitinqdə iştiraka çağırır. Əlbəttə, keşiş Qalstanyanın bu prosesdə təkbaşına deyil, başqalarından dəstək aldığı məlumdur. Ona dəstək verənlər arasında kilsənin rəhbərliyi öndə gedir. Ona görə də, Paşinyan kilsəyə qarşı adekvat addımlar atmaq qərarına gəlib. Hələ bir müddət öncə Paşinyan etiraf etmişdi ki, bütün ermənilərin katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Köçəryandır: “Erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır. Hələ 2021-ci ildə Robert Köçəryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib”. Nəzərə alaq ki, Qalstanyan da çıxışlarının birində  II Qareginin xeyir-duası ilə dindarların etiraz aksiyasına qoşulduğunu bildirmişdi. Hadisələr göstərir ki, erməni din xadimləri baş nazir Nikol Paşinyanın sərhədlərin delimitasiyasına dair razılıqdan imtinaya məcbur etmək üçün aktivləşib. Buna nail olmadıqda isə baş naziri vəzifəsindən devirməyə çalışırlar. Bu yaxınlarda bütün ermənilərin katolikosu II Qareginin Böyük Kilikiya Evinin katolikosu I Aramla telefon danışığında da bu məsələ müzakirə mövzusu olub.

Siyasi revanşist müxalifətin erməni cəmiyyətində ciddi nüfuzu olmadığı üçün Paşinyan hakimiyyətinə təhlükə törətmir. Bu səbəbdən hökumətə qarşı kilsə önə çıxıb. Ona görə də, N.Paşinyan kilsəni də zərəsizləşdirmək üçün yollar axtarır.  Bu yollardan biri kilsənin vergiyə gəlb olunmasıdır. N.Paşinyan kilsə gəlirləri sferasında “kölgəni” aradan qaldırmağa və şəffaflıqla əvəz etməyə çağırıb. Hökumətin kilsə gəlirlərinin vergiyə cəlb edilməsi ilə bağlı təkliflə çıxış etdiyini deyən baş nazir dövlətin öz gəlirindən vergiləri kilsəyə qaytarmağa və onun tarixi-mədəni irsi olan abidələrinin bərpasını maliyyələşdirməyə hazır olduğunu qeyd edib. Kilsə isə bu təklifi rədd edib, çünki belə olduğu halda dövlət onun gəlirlərinə nəzarət imkanı əldə edəcək. 

Ermənistan parlamentinin spikeri Alen Simonyanın da  bu mövzuda fikirləri maraq doğurur. O, kilsəni ticarət meydanına çevirdiyi üçün ruhani rəhbərliyi tənqid edib: “Hisslərimiz və tariximizlə oynamağı dayandırın. Və onsuz da siyasətlə məşğul olub, diasporadan pul yığıb, şam, koka-kola, şərab satıb, restoranlara sahib olub, vergi ödəməyib. Mən başa düşmək istəyirəm ki, niyə əli öpülən din xadimi vergi ödəyən sadə iş adamından üstün olmalıdır”. Bu açıqlama isə tərəflər arasında qarşıdurmanı daha da artırıb. Görünən odur ki, hakimiyyət kilsənin maliyyə resurslarına tam nəzarət etmək istəyir. Hakim “Mülki müqavilə” partiyanın təklifinə əsasən, Eçmiədzin şam satışından, ayinlərdən, vəftizdən (suya salınma), toydan və s. mərasimlərdən əldə etdiyi gəlirdən mənfəət vergisi ödəməlidir. Məsələn, kilsənin idxal etdiyi mal və məhsullar xeyriyyəçilik kimi təsnif edilir ki, vergi və rüsumlardan azad sayılır. Eyni zamanda, kilsə daşınmaz əmlak vergisindən də azad edilib. Hakimiyyət  isə kilsə rəhbərliyi üzərində mütləq qələbə qazanmaq və onu nəzarət altına almaq üçün bütün bu imtiyazları ləğv etməyi planlaşdırır. Ehtimallar var ki, parlamentin növbəti sessiyasında kilsəyə qarşı qanun layihəsi təklif edilə bilər. Bu istiqamətdə işlər başlayıb və müəyyən baza formalaşdırılır. Əgər həqiqətən də, belə bir qanun parlamentin müzakirəsinə çıxarılsa, qəbul olunması ehtimalı yüksəksir. Çünki Paşinyanın liderlik etdiyi partiya parlamentdə səs çoxluğuna sahibdir. Bu isə kilsənin, ümumiyyətlə, zəifləməsi və maliyyə imkanlarının əlindən çıxması ilə nəticələnəcək.

Digər bir məlumata görə, baş nazir Paşinyan Ermənistan Ədliyyə Nazirliyinə erməni Apostol kilsəsinin fəaliyyətinin rəsmi dayandırılması üçün hüquqi baza və lazımi sənədləri hazırlamağı tapşırıb. Buna səbəb kilsənin kütləvi etiraz aksiyalarının təşkili və sabitliyin pozulması ilə bağlı hərəkətlərinin konstitusiyaya uyğunluğunun yoxlanılmasıdır. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb, lakin baş verən ziddiyyətlər fonunda real görünə bilər. Hakimiyyətin kilsəyə qarşı fəaliyyətində din xadimləri barədə kompromat materialların mətbuat vasitəsilə cəmiyyətə ötürülməsi, “Sərdarapat” abidə kompleksinə girişin qadağan edilməsi də var. Bütün bunlar onu göstərir ki, Paşinyan onu devirməyə cəhd edən erməni kilsəsini tezliklə zərərsizləşdirməyə çalışır.

Nardar BAYRAMLI 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
yeniazerbaycan.com

1Источники