RU

Ermənistan ərazisindən Naxçıvana, oradan da Avropaya...

Beynəlxalq əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması zərurətə çevrilib

Ermənistan hakimiyyəti tərəfindən Qazax rayonunun işğal altındakı qeyri-anklav Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılmasını və bu istiqamətdə iki dövlət arasında sərhədin delimitasiyasına start verilməsini münasibətlərin normallaşmasında əhəmiyyətli mərhələ kimi qiymətləndirmək olar. Doğrudur, yaranmış real tarixi şəraitə baxmayaraq hələ ki, sülh müqaviləsinin imzalanması mümkün olmayıb. Ancaq istər 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, istərsə də 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində yaratdığı reallıqlar Azərbaycanı Cənubi Qafqazın siyasi mənzərəsini dəyişmək iqtidarında olan güclü aktora çevirib. Bu reallıqlar məkrli planlarını pozduğu üçün bəzi Qərb dairələrini qıcıqlandırsa da Ermənistanın siyasi rəhbərliyi xüsusilə son günlər daha adekvat münasibət nümayiş etdirir və sülh müqaviləsinin imzalanmasının, həmçinin kommunikasiyaların açılmasının qaçılmaz proses olduğunun fərqindədir.

Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 7-də yaydığı bəyanat da göstərir ki, baş nazir Nikol Paşinyan öz komandasına sülh müqaviləsi layihəsinin razılaşdırlması üçün fəal işləməyi tapşırıb. Sözügedən bəyanatda bildirilir ki, rəsmi İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.

Hadisələrin inkişafı Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatda nəzərdə tutulduğu kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat və kommunikasiya xətlərinin – Zəngəzur dəhlizinin açılması üçün də tarixi imkanın yarandığını göstərir.

Faktdır ki, dayanıqlı sülh, kommunikasiyaların blokdan çıxarılması, yəni, Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün də həyati əhəmiyyət daşıyır. Paşinyan yaxşı başa düşür ki, təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik nəqliyyat loqistikasının Ermənistandan keçməsi ölkəsinin müstəqilliyi üçün bu gün mövcud olan təhdidlərin neytrallaşdırılmasında mühüm rol oynaya bilər. Dəhlizin əhəmiyyətini artıran səbəblərdən biri də odur ki, yol boyu çoxsaylı texniki xidmət mərkəzlərinin, mehmanxana və digər iaşə obyektlərinin açılması zərurəti ortaya çıxacaq. Bu isə Ermənistanda əlavə iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək. Məlum olduğu kimi, indi Ermənistanın buna çox böyük ehtiyacı var və görünür, rəsmi İrəvan məhz bu amilləri nəzərə alaraq artıq Zəngəzur dəhlizinin açılması üçün mümkün variantları ciddi şəkildə götür-qoy etməkdədir. Erməni politoloq Suren Surenyantsın “Hraparak” nəşrində yazdığına görə, Ermənistan hakimiyyətində Sünik-Naxçıvan yoluna (Zəngəzur dəhlizi – M.R.) nəzarətin xarici şirkətə verilməsi müzakirə olunur: “Təbii ki, Ermənistanın indiki hakimiyyətinin anti-Rusiya ritorikasını nəzərə alsaq, hökumətin razılaşdığı bu variant böyük diplomatik qələbə kimi təqdim olunacaq. Faktlar isə dəfələrlə söylədiyim iddiaları təsdiqləyir. Paşinyan bu yolda sadələşdirilmiş rejimə qarşı deyil, yalnız Rusiyanın nəzarətinə qarşı mübarizə aparır.”

Azərbaycan dəhlizin açılması məqsədilə öz ərazisində lazım olan bütün işlərin sürətlə və keyfiyyətlə aparılması üçün bütün zəruri addımları atıb. Çünki Zəngəzur dəhlizi, eyni zamanda, böyük Turan yolunun önəmli bir hissəsidir. Bu məsələ hətta 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik münasibətləri haqqında Bəyannamədə də öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev sənədin imzalanması mərasimində bildirmişdi ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr var və bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.”

Əslində, sözügedən layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Bu baxımdan Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Odur ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bir sıra böyük dövlətlərin də maraq dairəsindədir. Məsələn, “Report” informasiya agentliyinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər ki, ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır: “Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan Şərq-Qərb ticarət yolunun mühüm hissəsidir. ABŞ Azərbaycanda prioritetlərini irəlilətməyə sadiqdir və bu prioritet sahələr arasında iqtisadi artım da yer alır.”

Müasir dünyada iqtisadi inkişafın əsas faktorlarından birini də yükdaşımalar üçün nəzərdə tutulan nəqliyyat dəhlizləri təşkil edir. Azərbaycan öz coğrafi mövqeyinə görə cəlbedici olmaqla yanaşı, həm də dinamik inkişaf edən dövlətdir. Təsadüfi deyil ki, nəqliyyat-tranzit sahəsində Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi bir sıra beynəlxalq layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırıb. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Azərbaycanın iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət daşıyan iqtisadi layihələrdən biridir. Asiya ilə Avropanı birləşdirən Şimal marşrutunun Rusiya-Ukrayna müharibəsi, Cənub marşrutunun isə Yaxın Şərqdə baş verən silahlı münaqişələr səbəbindən öz əlverişliliyini itirməsi Azərbaycandan keçən Orta Dəhlizin tam gücü ilə fəaliyyətə başlamasını zərurətə çevrilib. Bu mənada Ermənistanla Azərbaycan arasında kommunikasiyaların, xüsusilə sözügedən marşrutda xüsusi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması bu gün təkcə Azərbaycanın deyil, dünyanın bir sıra dövlətlərinin marağındadır. Odur ki, istəsə də, istəməsə də Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməli olacaq. Son nəticədə isə yollar Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Avropaya uzanacaq...

Mahir Rəsuloğlu, “İki sahil”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
114
ikisahil.az

1Источники