RU

Bu gün Azərbaycan artıq qlobal aktor rolunda çıxış edir - ŞƏRH

Fikrət Əliyev: Azərbaycanın həyata keçirdiyi siyasət dünya birliyi tərəfindən yüksək dəyərləndirilir

“Müasir dünyada bütün sahələrdə uğurlar əldə etməkdən bəhs etsək, bununla bağlı bir nümunə göstərəsi olsaq o zaman bütün nəzərlər Azərbaycana yönələr. Çünki Azərbaycan ötən 30 il ərzində nəinki daxili siyasətdə uğurlar qazanıb, nəinki iqtisadi, sosialvə humanitar sahədə uğurlu siyasət həyata keçirib, eyni zamanda xarici siyasətdə də mühüm nailiyyətlər əldə edib. Belə demək mümkünsə, bəzi ölkələrin beynəlxalq arenada əlli, hətta yüz ilə əldə edə bilmədiyi uğurları Azərbaycan otuz il ərzində əldə edib”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

Onun sözlərinə görə, bu uğurların mərkəzində duran iki əsas amil var: “Bu amillərdən biri Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən milli maraqlara əsaslanan siyasət, həmçinin bu siyasətin xalq tərəfindən dəstəklənməsi, digəri isə Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, sözünün sahibi olan ölkə kimi tanınmasıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün eyni zamanda nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də ön sıralarda dayanır”.

Fikrət Əliyev deyib ki, 4-6 iyun tarixlərini əhatə edən Bakı Enerji Həftəsi də bu tədbirlərdən biri kimi tarixə düşdü: “Ümumiyyətlə regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirirdi. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumudur. Bu tədbirlərin təkcə adı və keçirilmə illərinin sayına nəzər yetirmək kifayət edir ki, Azərbaycanın həyata keçirdiyi siyasətin qlobal əhəmiyyət kəsb etdiyini və davamlı xarakter daşıdığını söyləyək. Daha doğrusu, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər də Azərbaycanın qlobal əhəmiyyətli xarici siyasət həyata keçirdiyini təsdiqləyir”.

F.Əliyev vurğulayıb ki, 30 il əvvəl Xəzərin neft-qaz resursları vasitəsilə enerji təhlükəsizliyinə, regionda sabitliyə və inkişafa nail olmaq siyasətinin əsasını qoyan Azərbaycan uğurlu enerji siyasətini bu gün də davam etdirir: “Mən burada ilk növbədə “yaşıl enerji”yə keçidlə bağlı atılan addımları nəzərdə tuturam. Yəni ortada danılmaz bir həqiqət var. Belə ki, ənənəvi enerji təchizatçısı olan və COP29-a ev sahibliyi edəcək Azərbaycan, eyni zamanda “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində mühüm addımlar atır. Təbii ki, bu da dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Elə Bakı Enerji Həftəsinin bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirməsi və bununla da diqqətin Azərbaycanın üzərinə cəmləşdirilməsi, tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı, tədbirə dünya liderlərinin göndərdiyi məktublar da bunu bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, dünya Azərbaycanla bir yerdədir və bu gün Azərbaycan artıq qlobal aktor rolunda çıxış edir”.

Избранный
109
50
sia.az

10Источники