RU

Ədalətə əsaslanan siyasət

Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır 

28 May - Müstəqillik Günü ilə əlaqədar ünvanlanan məktublar ölkəmizin qlobal münasibətlər sistemindəki yerini bir daha təsdiqləyir 

Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu  ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, Vətən müharibəsində qazanılan Zəfərin ardından regionda formalaşdırılan yeni siyasi reallıqlar, ötən ilki antiterror tədbirləri nəticəsində separatizmə son verilməsi, eyni zamanda Avropanın enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın daha da artmasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın böyük bir coğrafiyada formalaşan yeni iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırır. Burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir.

Beləliklə, müasir dövrdə mürəkkəb beynəlxalq münasibətlər sistemi və qloballaşma şəraitində hər bir ölkənin inkişafının və təhlükəsizliyinin təmin olunması amilinin asılı olduğu strateji faktorları araşdırarkən bir amil xüsusilə diqqəti cəlb edir - həyata keçirilən dövlət siyasəti milli maraqlara, qlobal çağırışlara və reallıqlara nə qədər adekvat olarsa, beynəlxalq imic o qədər yüksək olacaq. Qeyd edilən siyasi-iqtisadi reallıqlar isə onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının, çoxşaxəli əlaqələrin səmərəliliyinin təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlət olaraq Azərbaycan qarşıya qoyulan hədəflərə çatır. 

Yeni mərhələdə ölkəmizin tənzimləyici rolu...

Milli dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həm də həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərinin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi unikal və mütərəqqi nümunə kimi çıxış edir. Xüsusilə, Ermənistanın onilliklərlə aktual saxlamağa çalışdığı sərhəd problemlərinin həlli istiqamətində real addımların atılması, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması Azərbaycanın timsalında dünya üçün ən böyük ehtiyac duyduğu əməkdaşlıq platformasını ortaya qoyur. Ölkəmiz Şərq-Qərb münasibətlər sisteminin, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevirir. Yeni mərhələdə ölkəmizin tənzimləyici rolu Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapmasına, tanınmasına yol açır. Beləliklə, qlobal layihələrin icrasına start verilməsi an məsələsinə çevrilir - Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edir.

Çoxtərəfli əməkdaşlıq strategiyamız ən yüksək səviyyədə dəyərləndirilir

Qeyd olunduğu kimi, müəyyənləşdirilən və həyata keçirilən xarici siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını və təbliğini də ortaya qoyur. Əldə olunan uğurlar isə saymaqla bitməz:

- Azərbaycan mühüm bir regionda təhlükəsizliyin əsas qarantı kimi çıxış edir;

 - Ölkəmiz bütün dünya üçün şəffaf və əlverişli sərmayə mühiti yaradır;

- Şərq il Qərb arasında iqtisadi körpü rolunda çıxış edir;

- Avropanın enerji təminatında əsaslı yer tutur;

- Öz növbəsində Şərqin yeni enerji layihələrində fəal iştirakçı qismində çıxış edir;

- Dünyanın ən mühüm iqtisadi aortasına çevirmək perspektivi daşıyan ticari-iqtisadi layihələrin ən əsas dayanacaqlarından biri statusunu qazanıb. Azərbaycan bu gün yeni geosiyasi çağırışlar üçün yaradılan münbit yolun təhlükəsizliyinin qarantı sayılır. Ölkəmiz qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır.

Bu amil demək olar ki, bütün dünya tərəfindən etiraf edilir - xüsusilə, Azərbaycan istisna olmaqla Cənubi Qafqaz ölkələrindəki hazırki distabil vəziyyətin fonunda Azərbaycanın yaratmağa çalışdığı siyasi mühit yüksək dəyərləndirilir. Bu fakt xüsusilə, 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktublarında əks olunmaqdadır. Çoxsaylı məktubların coğrafi xarakteristikasına nəzər yetirdikdə bütün qitə və regionların Azərbaycana olan rəğbətinin, aparılan siyasətə verdiyi dəyəri, qlobal münasibətlər sistemində oynadığımız rola yüksək qiymət verməsini bütün aktuallığı ilə görmüş oluruq. Şərq, Qərb, Mərkəzi Asiya, Afrika, Cənubi və Şimali Amerika ölkələrinin dövlət başçıları Azərbaycan Prezidentinin dostluğa, əməkdaşlığa və ən əsası milli maraqlara əsaslanan çoxtərəfli əməkdaşlıq strategiyasını ən yüksək səviyyədə dəyərləndirirlər, Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini yüksəltmək üçün münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyinə toxunurlar. Bu olduqca mühüm bir məqamdır. Bu təbrikləri ünvanlayanların arasında dünyanın aparıcı gücləri sayılan ölkələr də yer alır - eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində müəyyənləşdirdiyi, beynəlxalq hüquqa və ədalətə söykənən, ortaya qoyduğu qlobal təşəbbüslər nəticəsində ən çətin dövrlərdən minimum itki ilə çıxmağı bacaran dövlətlər də təmsil olunur. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq nüfuzunun əsasında həm ikitərəli, həm də çoxtərəfli əlaqələrin dinamizmi əsas meyar kimi yer tutur. 

Regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt...

Beləliklə, Azərbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prisipləri əsasında qurulmasını təşviq edir. Çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən nəsnədir - Azərbaycan bu ülvi dəyərlərin inkişafını hər zaman üstün tutur. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri üçün də strateji əhəmiyyət daşıyır. Bu nüfuzun formalaşması isə Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətinin nəticəsində mümkün olub. Müasir gündəliyimizin aparıcı çağırışlarından sayılan COP29-un qlobal sistem üçün yeri məhz Azərbaycanın öncüllüyü ilə müəyyənləşir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi xüsusilə mühüm bir platforma formalaşdırır. Bunun üçün isə Azərbaycana verilən dəstək olduqca böyükdür -  dünya birliyi demək olar ki, yekdil rəy ilə COP29-un ev sahibliyini Azərbaycana etibar edib, mövzu ilə bağlı yaxın əməkdaşlıq üçün səy göstərir. 

Pərviz SADAYOĞLU

Избранный
87
50
yeniazerbaycan.com

10Источники