RU

Bakıda obyektləri sökməyə başladılar: sahibkarlar ayağa qalxdı, əhali təşvişdə - VİDEO

Bu gün Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən Yusif Səfərov küçəsində rayon icra hakimiyyəti tərəfindən sahibkarlıq obyektlərinin və yaşayış evlərinin söküntüsünə başlanılıb.

Bakupost.az "Poliqon"a istinadən xəbər verir ki, bu barədə sahibkar Adil Musayev bildirib.

O qeyd edib ki, Bakı şəhər və Xətai rayon icra hakimiyyətlərinin əməkdaşları ətrafdakı dükanları sökməyə başlayıblar. Adil Musayevin sözlərinə görə, daha əvvəl söküntü ilə bağlı rəsmi xəbərdarlıq edilərək kompensasiya ödənişi barədə müqavilə imzalanacağını desələr də, sonradan sahibkarlara və sakinlərə heç bir sənəd təqdim etməyiblər. Bu gün isə xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar.

Digər sahibkar Cəmil Hacıyev bildirib ki, Prezident fərman verib sahibkarların hüquqlarını qoruduğu halda, məmurlar bu cür qanunsuz addımları ilə dövlət siyasətini gözdən salmaqla məşğuldurlar.

Sahibkarlar onu da əlavə edib ki, obyektlər işləyən ticarət müəssisələridir, hər birinin içərisində dəyəri 100 minlərlə ölçülən mallar var.

"Yaxın ərazilərdə təmirsiz obyektlərin kvadratının qiyməti 7 min AZN-dən başlanır. Əgər həmin məbləğdə kompensasiya ödənilərsə, malımızı götürüb köçə bilərik. Əks halda, məhkəməyə müraciət ediləcək", - deyə sahibkarlar bildiriblər.

Qeyd edilir ki, ərazidə yaşayan sakinlər də səksəkədədirlər. Onlara da kompensasiya ilə bağlı heç bir sənəd təqdim edilməyib. Sadəcə, şifahi şəkildə deyilib ki, köçsünlər, əks halda, içəridə yaşayış olub-olmadığına məhəl qoyulmadan mənzilləri söküləcək.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-dən Bakupost.az -a bildirildi ki, araşdırma aparılır: “Bununla bağlı sabah açıqlama verəcəyik”.

Xətai rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq.



Elnur
BakuPost


Избранный
119
3
bakupost.az

4Источники