RU

Nikah yaşını 1 il azaltmaq qaydası ləğv edilə bilər- Komitə təklif verdi…

Image

Fatimə Hacıbəyli: “Nikah yaşının azaldılması erkən nikahların sayını artıracaq və vəziyyət daha da pisləşəcək”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılmasını təklif edir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, Ailə Məcəlləsinin 10-cu maddəsində (üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) istisna meyarlarının göstərilməməsi hüquqi baxımdan qeyri müəyyən hal olaraq qiymətləndirilir. Bunu nəzərə alaraq, qanunvericilikdə nikah yaşının azaldılmasına əsas verən üzrlü səbəblərin dəqiqləşdirilməsi və ya nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması təklif olunur. Ancaq bu təklif narazılıqla qarşılanır. Ekspertlər bildirir ki, nikah yaşının azaldılması erkən nikahların sayının artmasına səbəb olacaq.

“Erkən nikahların fəsadları, qanunsuz olması ilə bağlı nə qədər deyilsə də, cəmiyyətdə yenə bu cür hallar baş verə bilir”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda nikah yaşı beynəlxalq konvensiyalara uyğun olaraq 18 yaş müəyyən edilib: “Bu gün hələ də 17 yaş nikah üçün istisna yaş həddi kimi qeyd olunur və bundan da həm yerli icra strukturları, həm uşaqlarını erkən nikaha cəlb edən valideynlər sui-istifadə edirlər.  Bu istisna halda qeyd olunur ki, valideynlərin bir və ya hər ikisi ağır xəstə olarsa, nikah yaşı ertələnir. Əgər tərəflər xaricə gedirsə, nikah yaşı ertələnə bilər. Bütün bunlar hamısı yerli icra strukturlarına və valideynlərə nikah yaşının aşağı salınması üçün imkan yaradır. Nikah yaşının azaldılması erkən nikahların sayını artıracaq və vəziyyət daha da pisləşəcək. Danılmaz faktdır ki, regionlarda, xüsusilə də kəndlərdə gənclər rəsmi nikaha daxil olmadan ailə qururlar. Bu da gələcəkdə ailədə hər hansı problem yaranarsa, ana və uşaqların hüquqlarının müdafiəsində müəyyən çətinliklər yaradır. Erkən nikahların fəsadları, qanunsuz olması ilə bağlı nə qədər deyilsə də, cəmiyyətdə yenə bu cür hallar baş verə bilir. Ailə quran insanlar əvvəlcə şəxsiyyət kimi özlərini dərk etməlidirlər. Onlar üzərlərinə hansı vəzifələrin düşdüyünü, bunun məsuliyyətini bilməlidirlər. İnsanın sosial və mənəvi məsuliyyət hissi o dərəcədə olmalıdır ki, nə üçün nikaha daxil olduğunu dərk etsin. Bəzən görürük ki, erkən yaşda qız və oğlanları nikaha məcbur edirlər. Daha çox da qızlar məcbur olunur. Erkən yaşda nikaha məcbur edilən qızın təhsili yarımçıq qalır. Heç bir peşə qabiliyyətinə yiyələnə bilmir. Psixoloji, bioloji və fizioloji cəhətdən hazır olmadan ailə həyatına başlayır. Bu hal həm onun, həm də dünyaya gətirdiyi uşağın sağlamlığına mənfi təsir edir. Həmin insanlar bəlli bir yaşa çatanda davamlı təzyiqlərə, zorakılıq hallarına məruz qalırlar. Bir çox halda onların nikahı uğurlu olmur”.

Günel CƏLİLOVA





Избранный
120
50
baki-xeber.com

10Источники