Sabahdan Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi, güclü küləyin müşahidə ediləcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 12-də günün ikinci yarısından mayın 13-də səhərədək şimal-qərb küləyinin sürətinin 15-18 m/san, axşam yarımadanın bəzi yerlərində arabir 20-25 m/san-dək güclənəcəyi gözlənilir. Mayın 12-də axşamdan mayın 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da mayın 12-də gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, mayın 15-də səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyinin sürəti 15-20 m/san, ayrı-ayrı yerlərdə arabir 23-28 m/san-dək güclənəcək.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.