RU

Meyiti ortada qoyub bozbaş yeməyə getdilər...

SİA-nın gənc və perspektivli əməkdaşı Ayşən Vəli soruşdu: "Hansı adət-ənənələrimizdən imtina etməliyik?" 

 Cavabım qısa oldu:

 "Keçmişinə güllə atanın gələcəyini topa tutarlar". 

Ayşən israr etdi: "Köhnəlmiş, vaxtı ötmüş, müasir dövrlə ayaqlaşmayan adət-ənənələrimiz yoxdur?"

- Çoxdur!

 Qısa pauzadan sonra davam etdim: "Mən keçmişə hörmətin, milli adət-ənənələrə sayğı və diqqətin tərəfdarıyam. Amma bu zaman bəzi adət-ənənələrimizi süzgəcdən keçirməyi də vacib sayıram. Köhnəlmiş, müasir dövrlə uyğunlaşmayan, cəhaləti və fanatizmi təbliğ edən, mahiyyətində bu xüsusiyyətləri əks etdirən adət-ənənələrdən imtina etməyi bacarmalıyıq". 

Bu dialoq məni uzaq səksəninci illərə apardı. Kəndimizdə cavan bir oğlan rəhmətə getmişdi. O vaxt insanlar təkcə özlərinin deyil, həm də başqalarının dərdinə həssas yanaşmağı bacarırdılar. El-oba yasda idi. Mərhumun atasının evi kəndin ayağında olsa da, arvadların fəryadı kəndin başında da eşidilirdi. Uşaq marağı bizi dərddən damı əyilmiş o evə apardı. Cənazənin beş addımlığındakı çəpərin dibinə qısılıb maraqla ətrafda baş verənləri izləyirdik...

Qara libasa bürünmüş arvadlar günorta meyiti ortada qoyub dəstə-dəstə qonşu çadıra keçdilər. Ətrafa bozbaş qoxusu yayıldı. 

Ağlım kəsəndə bildim ki, biz tərəflərdə mərhum dəfn edilmədən öncə yasa gələnlərə ehsan verilir. Böyüyəndə gördüm ki, Azərbaycanın əksər bölgələrində belədir... 

Subay qohumlardan biri danışır: "Ailəlikcə toya getmişdik. Arvadlar məni göstərib anama deyirdilər ki, bu gədənin başını nə vaxt bağlayassan? Bir anlıq özümü ipini qırmış dana kimin hiss etdim. Axı mal-qaranın başını bağlayırlar..." 

Haqlısan, Ayşən!

Bəzi köhnəlmiş adət-ənənələrdən, lüzumsuz təəssübkelikdən imtina etməliyik. İlk növbədə isə başqalarının şəxsi həyatına burnumuzu soxmağı tərgitməliyik...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13560
yenisabah.az

1Источники