RU

İslam Əməkdaşlıq Təşkilatından çağırış... 

Ermənistan öhdəliklərini yerinə yetirməlidir!

Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.

Ceyhun Bayramov İƏT-in sammitində postmünaqişə dövründə vəziyyətlə bağlı məlumat verib

Hazırda İƏT  44 günlük Vətən müharibəsindən sonra Ermənistandan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb edir. Belə ki,  bu tələb mayın 4-də  Qambiyanın Banjul şəhərində keçirilən  İslam Əməkdaşlıq Təşkilatının  15-ci İslam Sammitində səsləndirilib. Əvvəlcə qeyd edək ki,  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu sammitdə iştirak edib. Tədbirdə çıxışı zamanı C.Bayramov sammitin mövzusuna - “Daha yaxşı gələcək üçün birlik və əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyini diqqətə çatdırıb. Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız islamofobiya meyilləri, habelə müqəddəs “Qurani-Kərim”in yandırılma aktları ilə mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub. Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.

Ermənistanın işğalçı siyasəti dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırladan nazir Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb. C.Bayramov postmünaqişə dövründə mövcud regional vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər barədə ətraflı məlumat verib. Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.

COP29-a sədrliyimizdən bəhs edən nazir qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədə vahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyinin əhəmiyyətini vurğulayıb.

Sammitin sonunda Yekun Kommunike qəbul olunub. Yekun Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

İƏT-in 16-cı İslam Sammiti Azərbaycanda keçiriləcək

Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb. Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə, həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub. Kommunike, eyni zamanda, “Bakı Prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.

N.BAYRAMLI

Избранный
314
5
yeniazerbaycan.com

10Источники