İsraildə "Əl-Cəzirə" telekanalının ofislərində axtarış aparılır.
Publika.az xəbər verir ki, bu barədə İsrailin rabitə naziri Şlomo Karhi "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
“Rabitə Nazirliyinin müfəttişləri, İsrail polisinin dəstəyi ilə hazırda "Əl-Cəzirə"nin Qüdsdəki ofislərinə basqın edir və kanalın avadanlıqlarını müsadirə edir”, – yazıda deyilir.
Bundan əvvəl İsrail Nazirlər Kabineti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki filialının bağlanmasını yekdilliklə təsdiqləyib .
Xatırladaq ki, aprelin 1-də İsrail parlamenti ölkədə düşmən media qurumlarının bağlanmasına icazə verən qanunu təsdiqləyib. Qanunun lehinə 71 deputat, əleyhinə isə 10 deputat səs verib.