“Qəzza zolağında böhranın tezliklə həllinə töhfə verə biləcək ölkələrdən biri də ABŞ-dir”. Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Fuat Oktay deyib. Oktay bildirib ki, bunun üçün ABŞ İsrailə təzyiq göstərməlidir: “Bu müharibəni dayandıracaq tərəflərdən biri də ABŞ-dir, onlar İsrailə təzyiqləri artırmalıdırlar. Qəzzadakı vəziyyətlə bağlı Ankara ilə Vaşinqton arasında fikir ayrılıqları var. Bunlar xüsusilə tərəflərin Fələstin-İsrail münaqişəsinə hansı bucaqdan baxması ilə bağlıdır. 35 mindən çox insanın ölümünə səbəb olan hadisələri HƏMAS paradiqmasından səsləndirmək olmaz; Fələstin məsələsi 100 ilə yaxındır ki, mövcuddur”. Komissiya rəhbəri qeyd edib ki, Türkiyənin İsrail xalqı ilə heç bir problemi yoxdur: “Problem bu ölkə rəhbərliyinin Qəzzada həyata keçirdiyi zorakılıq və siyasətdir. Qəzzada tezliklə atəşkəs əldə etmək və bölgəyə humanitar yardımın çatdırılmasını təmin etmək Türkiyə üçün əsas prioritetdir”.