İctimai fəalın saxlanıldığı bildirilir: “Evə narkotik atdılar”
İctimai fəal Famil Xəlilovun saxlanıldığı bildirilir. Yeniavaz.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı Xanım Xəlilova sosial şəbəkə hesabında məlumat dərc edib. O iddia edir ki, mayın 2-də günorta saatlarında yaşadıqları mənzilə basqın olub: “Famili evdən zor gücünə çıxarıb yenidən evə çəkilişlə saldılar. Çəkiliş zamanı Famili narkotik satan kimi qələmə verərək evə narkotik atdılar. Sonra məni və 3 azyaşlı övladımı 40-cı polis bölməsinə (Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi – red.) apardılar”. X. Xəlilova bildirir ki, bir müddət sonra onu və övladlarını sərbəst buraxsalar da, həyat yoldaşından hələ də xəbər yoxdur. “Onu naməlum istiqamətə aparıblar. Evdən Familin 2 kompüterini və telefonunu da götürdülər. Qeyd edim ki, biz ailəvi olaraq ötən ilin yayında İsveçdən deportasiya olunmuşuq”. O bildirir ki, həyat yoldaşı F. Xəlilov I qrup əlildir. İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat almaq imkan olmayıb.