RU

İrasabal “Qarabağ”ı məğlub etməyin formulunu tapıb? - MÜSAHİBƏ

Beləliklə, “Səbail”i məğlub edən “Sabah” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşdı.

Nəticə “bayquşlar”ı avrokuboklar yolunda daha iddialı etməklə əsas hədəf olan 2-ci pilləyə yaxınlaşdırdı. Oyundan sonra Masazır təmsilçisinin ispaniyalı futbolçusu Con İrasaballa bu və başqa məqamlardan danışdıq.

– Növbəti dəfə qələbə qazandız. Əvvəl oyun haqda fikirlərini öyrənmək istərdim.
– Məqsədimizə çatmaq üçün 3 xal çox əhəmiyyətli idi. Meydana qalib gəlmək üçün çıxdıq. Nəticə məni xoşbəxt etdi. Düzdü, hər iki komandanın qol vurmaq imkanları oldu. Lakin biz bunlardan daha yaxşı yararlandıq.

– Qələbənin təməli sayılan ilk qolun müəllifi sən oldun. Bu barədə nə deyə bilərsən?
– Komandama kömək etdiyimə görə yalnız sevinə bilərəm. Xüsusilə belə vacib sınaqda... Məncə, qolu kimin vurmasının əhəmiyyəti yoxdu. Əsas odu ki, 3 xal bizimdi.

– Avrokuboklar uğrunda mübarizəni davam etdirən 5 komanda var. Hansıları daha şanslı görürsən?
– Düzü, hamısını! Mövsüm hələ başa çatmayıb. İrəlidə daha gərgin oyunlar var. Bütün komandalar şanslarından istifadə edəcək. Qarşıdakı oyunlara köklənməkdən başqa yol yoxdu. Son üç matçda qələbə qazanmışıq. Məncə, səbəb bütün diqqəti özümüzə yönəltməyimizdi. Belə davam etməliyik.

– Musayevin gedişindən və Renduliçin gəlişindən sonra komanda yüksəliş dövrünü yaşayır. Görəsən, yeni mütəxəssis nəyi dəyişdi?
– Məşqçiləri müqayisə etməyi xoşlamıram. Hər birinin özünəməxsus xüsusiyyətləri, futbola baxışı olur. Məncə, bu barədə danışmaq doğru olmaz.

– Mövsüm ərzində “Qarabağ”ı qarşı ən yaxşı oyunları “Sabah” sərgiləyib. Ən azı statistika belə deyir. Bunu nə ilə izah etmək olar?
– “Qarabağ”a qalib gəlmək istəyirsənsə, müdafiə xəttində çox ehtiyatlı olmalısan. Ən mühüm məsələ boşluq verməmək və müdafiə xəttinin arxasına verilən uzun ötürmələrə diqqət yetirməkdi.

– Premyer-liqada stadiona gələn azarkeş sayının azlığından xəbərdarsan. Məsələn, “Sabah” bu yöndə maraqlı layihələrlə çıxış edir. Amma bu da ciddi artıma səbəb olmur... Səncə, futbolçu tərəfdarları tribunalara cəlb etmək üçün nə edə bilər?
– Burda olduğum müddətdə “Sabah”ın sosial media gücünün şahidi olmuşam. Klub əla işlər görür. Qısa zamanda çoxlu azarkeşi tribunaya gətirə bilmək çətin prosesdi. Bundan başqa, stadionumuz şəhərdən bir qədər uzaqdadı. Futbolçulara gəlincə, qalib gəlməyə davam etməli, ən əsası avrokuboklara vəsiqə qazanmalıyıq. Belədə azarkeşlər tribunalara gəlib futboldan həzz ala biləcək.

– Sözsüz, İspaniya və Azərbaycan futbolu arasında böyük fərqlər var. Bu sırada ən aktual, ilk ağla gələn məsələlər hansılardı?
– İspaniyada akademiyalara çox önəm verilir. Yeni oyunçular peşəkar futbola gələndə əsasən taktiki cəhətdən hazırlıqlı olur. Nəticədə futbol strukturu təkmilləşir.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
football-plus.az

1Источники