RU

Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

Respublika

Qax, 1 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 1-də Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdu toxumunun paylanılması prosesinə start verilib. Stansiyada ilkin olaraq 14 rayonun kümçülərinə ipəkqurdu toxumu paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri Qax Damazlıq İpəkçilik Stansiyasında olub, ipəkqurdlarının paylanılması prosesi ilə maraqlanıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 41 rayonunda, həmçinin ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək. Direktorun açıqlamasına görə, bu il Çindən ölkəmizə 6 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) gətirilib. Bundan əlavə, Qax Damazlıq İpəkçilik Stansiyasının özündə yerli istehsal hesabına 3 min qutu elit və sənaye tut ipəkqurdu toxumu da hazırlanıb. Beləliklə, bu il kümçülərə əvəzsiz olaraq 9 min qutu ipəkqurdu toxumunun paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində də həyata keçirilib. Stansiyada 4785 qutu ipəkqurdu toxumu inkubasiya olunub və 28 rayonun kümçülərinə paylanılacaq.

Stansiyada ipəkqurdunun paylanılması prosesi rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Balakən DAİM-in bitkiçilik sektorunun müdiri Şahin Rəhimli bildirib ki, builki mövsümdə rayonun kümçülərinə 700 qutu və ya 13 kiloqram 300 qram ipəkqurdu toxumu paylanılacaq. İpəkqurdunun yemlənməsi ilə 270 kümçü məşğul olacaq. Cari mövsümdə rayonda yaş barama istehsalının 28 tona çatdırılması proqnozlaşdırılır.

Beyləqan DAİM-in direktoru Xalq Məmmədovun sözlərinə görə, stansiyada ipəkqurdunun paylanması prosesi yaxşı təşkil olunub. Əməkdaşlar rayonlardan gələn nümayəndələrə kömək göstərirlər. Bölgüyə əsasən, bu il Beyləqan rayonuna Qax Damazlıq İpəkçilik Stansiyasından 30 qutu ipəkqurdu toxumu ayrılıb. Cari mövsümdə rayonda yaş barama istehsalının 1300 kiloqrama çatdırılması hədəflənir.

Stansiyada ipəkqurdu toxumunun paylanması prosesində “Azəripək” MMC-nin nümayəndələri də iştirak edirlər. MMC-nin direktorunun müşaviri Teymur Musayev bildirib ki, builki mövsümdə respublika üzrə 360 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır. Baramanın tədarükü və ilkin emalı ilə əlaqədar müəssisə tərəfindən bütün hazırlıq işləri görülüb. Kümçülərdən barama tədarükünə mayın axırlarında başlanması nəzərdə tutulur. Qurumun rəsmisinin sözlərinə görə, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunan yaş barama səhmdar cəmiyyət tərəfindən kümçülərdən 5 manata təhvil alınacaq, dövlət isə hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
azertag.az

1Источники